Psixoloqlar fövqəl-şüurlu insan, bütün sualların cavablarını bilən adam, hər zaman pozitiv əhvalda olan biridirmi? Psixoloq peşəsinin incəlikləri, iş təcrübəsində ortaya çıxan çətinliklər, problem və perspektivlərhər zaman maraq doğuran suallardır. Bu və digər sualların cavablandırıldığı "Loqos" Psixoloji və Nitq inkişaf Mərkəzinin rəhbəri, "Psixoloji xidmət və Tədqiqatlar Mərkəzi" İB sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə müsahibəni təqdim edirik.
- Fəaliyyət göstərdiyiniz 7 il, ilkin planları dayanıqlı olaraq müəyyənləşdirmək, perspektivlərdə isə dəyişikliklər etmək üçün yetərli müddətdir. İllər öncə qarşınıza qoyduğunuz hansı qısamüddətli və uzunmüddətli planlarda dəyişikliklər etmisiniz?
- Fəaliyyətə başladığımız ilk illə bu günümüzü müqayisə edincə bəzən özüm də təəccüblənirəm. Biz bu qədər işin öhtəsindən necə gəldik? Çətinliklər, qayğılar, uğurlar kino lenti kimi keçir yaddaşın süzgəcindən. Bəlkə təvazökarlıqdan uzaq görünə bilər, açığı 7 il ərzində nail olduqlarımızla bağlı bu günün mənzərəsinə baxanda daxili rahatlıq duyuram, sevinirəm.
Müsahibələr zamanı jurnalistlərin mənə ünvanladığı suallardan biri belə olur ki, niyə fəaliyyət üçün məhz bu çətin və məsuliyyətli sahəni seçdim. Mən bakalavr və magistr dərəcəsi ilə İqtisad Üniversitetini bitirmişəm. Sonradan psixoloji təhsil aldım, elmi işimi Sankt-Peterburqda müdafiə etdim, psixologiya üzrə fəlsəfə doktoru titulunu aldım. Yəni başlanğıcda ilk İxtisasıma uyğun bir sahədə çalışa bilərdim, yaxud özəl sektorda qadın təbiətinə uyğun daha rahat bir iş qura bilərdim. Amma heç nə təsadüfdən baş vermir. Bəlkə təsadüflərə zərurətin özü yol açır.
Uşaqları, onlarla işləməyi çox sevirəm. İlk fəaliyyətə başlayanda da məqsədim sadəcə nitq qüsurlu uşaqlara xidmətdən ibarət idi. Arzu, istək, məqsəd öz yerində. Bunlar təbii ki, fəaliyyət üçün stimuldur, önəmli faktorlardır. İş isə tamamilə prosesi başqadır. Təcrübə öyrədir, ortaya yeni bacarıqlar, ideyalar çıxır, geniş və uzunmüddətli planlar qurululur, gedəcəyin yol aydınlaşır.
Fərqli nitq qüsuru olan uşaqların müayinə və müalicəsi prosesində müəyyənləşdi ki, uğurlu nəticə üçün mütləq kompleks yanaşma lazımdır. Mükəmməl psixoloji-psixopedaqoji və loqopedik xidmət üçün isə İlk növbədə peşəkar kadrlar tələb olunurdu. Kadr məsələsində ciddi çətinliklər vardı. Digər tərəfdən uşaqların loqopedik və psixoloji problemləri ailədən, yaşadığı mühitdən qaynaqlandığı üçün artıq böyüklərlərlə də işləmək zərurətə çevrilirdi. Bütün bunlar isə qarşıya daha vacib və uzunmüddətli proqramlar qoyurdu.
Konkret olaraq 7 il ərzində gördüyümüz işləri, keçirdiyimiz tədbirləri, xidmət sahəsində qazandığımız uğurları saymaq, sadalamaq imkansız olardı. Biz kollektiv olaraq imkansız hesab edilənlərin öhtəsindən gəldik. Soruşa bilərsiniz nəyin sayəsində? Hər şeydən öncə işimizə olan sonsuz sevgi ilə. Əminliklə deyirəm ki, sevgi ilə başlanan hər işin sonunda uğur var. Ətrafımıza öz işini bilən peşəkar mütəxəssisləri toplamaqla, yüksək səviyyəli xidmətlə bizə müraciət edənlərin inamını, etimadını qazandıq. Və hesab edirəm ki, bu çox önəmli faktordur. Qazanılan uğurlar təbii ki, özümüzə olan inamı da artırdı, gördüyümüz işin insanlar üçün nə dərəcədə dəyərli olduğunun fərqinə vararaq daha ürəklə çalışdıq.“Loqos” bu günkü səviyyəyə gələnə qədər biz çox çətin sınaqlardan keçdik.
- Mərkəzin fəaliyyət coğrafiyası hansı istiqamətlərdə genişlənib?
- Yeddi il əvvəl Bakının Nəriman Nərimanov rayonunda 3 nəfərlik işçi qrupu ilə fəaliyyətə başlayan “Loqos” PNİM-in hazırda 10 filialı var. Bakının Yasamal, Nəsimi, Nizami, Binəqədi rayonlarında, Abşeron rayonunun Xırdalan qəsəbəsində, Gəncədə, Bərdədə, Xaçmazda, Lənkəranda kompleks psixoloji, psixopedaqoji və loqopedik xidmət göstərən bu filialların hər biri müasir tipli, təmirli binalarda, həm də gediş-gəliş üçün rahat olan ünvanlarda yerləşir. Hazırda bizim xidmət obyektimiz sadəcə uşaqlar yox, yaş məhdudiyyəti qoyulmadan bütün insanlardır. Filiallarımızın hamısında ayrıca uşaq bölmələri və yetkin insanlara xidmət edən bölmələr var.
Əvvəldə də vurğuladığım kimi əsas işimiz yaşından asılı olmayaraq insanların psixoloji sağlamlığıdır. Terapiyalarımız fərdi və qrup şəklində aparılır.
Amma təbii ki, başqa prioritetlərimiz də var.
Azərbaycanda psixologiya yeni sahə hesab olunur. Təqribən son 20-30 ildə elmin bu istiqamətinə maraq artıb. Dövlətin psixologiyanın inkişafına yönəlik proqram və tədbirləri xüsusi əhəmiyyət daşısa da bu iş ümumxalq köməyi sayəsində genişlənməli, başlıca məqsədə nail olunmalıdır. Maariflənmə və kadr hazırlığı olduqca vacib məsələlərdir. Özəl qurumlar da, ayrı-ayrılıqda insanlar da vətəndaş cəmiyyətinin inkişafına dəstək verməyə borcludurlar. Bu vətəndaşlıq borcu olmaqla yanaşı həm də vicdan məsələsidir. Görülən hər işə vicdanla, sevgi ilə yanaşılmalıdır. Uğur qazanmağın, cəmiyyət üçün faydalı olmağın sirlərindən biri də budur. Fəaliyyətə başladığımız ilk illərdən ciddi şəkildə psixoloji maarifləndirmə aparırıq. Azərbaycan dövlətinin psixoloji sağlamlıqla bağlı proqram sənədlərinə, göstərişlərinə uyğun olaraq hər il maarifləndirici sosial layihələr həyata keçiririk.
İnamla deyə bilərəm ki, “Loqos” artıq təcrübə laboratoriyasına çevrilib. Çox xoşdur ki, bir neçə ildir respublikanın bir çox ali məktəblərində psixologiya təhsili alan gənclər bizdə təcrübə keçirlər.
- Nə vaxtdan Mərkəzdə fəaliyyətə başlamısınız və bu müddət fəaliyyətiniz üçün önəmli olan hansı məqamları qeyd edərdiniz?
- 2015-ci ilin mart ayından fasiləsiz fəaliyyətdəyik. Hətta pandemiyanın tüğyan etdiyi ilk aylarda bütün iş yerləri müvəqqəti dayandırılsa da biz fəaliyyətdən qalmadıq. Bu arada çox böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, yeddi il ərzində “Loqos” PNİM-in ölkə daxilində, hətta Azərbaycanın sərhədlərindən kənarda belə yaxşı mənada tanınmasının, qazanılan uğurların ən birinci səbəbi 300-ə yaxın üzvü olan Loqos ailəsinin, mənim sevimli kollektivimim xidmətidir. Çətin anlarda komandamız maddi sıxıntılara baxmayaraq ruhdan düşmədi, onlayn xidmətə keçdik. Çünki mövcud şəraitin yaratdığı depressiv vəziyyətdə insanların bizə daha çox ehtiyacı vardı.
Söhbətimizin əvvəlində qeyd etdim ki, “Loqos”un hazırda Bakıda və bölgələrdə 10 filialı aktiv fəaliyyətdədir. Sözdə hər şey çox sadə və asan görünə bilər. Amma heç bir maddi bazası olmayan özəl bir qurumun sürətli inkişafı asanlıqla başa gələ bilməzdi.
2016-cı ildə Yasamal rayonu ərazisində həm uşaqlar, həm də yetkin insanlar üçün ikinci mərkəzi istifadəyə verdik. Artıq KİV-lərin diqqətini çəkmişdik, televiziyalar bizlə əməkdaşlıq təklifləri ilə müraciət edirdilər. Psixoloq və loqopedlərimizin ATV kanalının “Bizimləsən” verilişindəki çıxışlarından sonra bölgələrdən xeyli sayda müraciətlər daxil oldu. Bölgələrə səfərlərimiz başlandı. Sosial layihələrə start verdik, yerli təhsil və səhiyyə təşkilatları ilə birgə konfranslar keçirdik. Bölgələrdə həyata keçirdiyimiz sosial layihələr, ödənişsiz psixoloji konsultasiyalar sayəsində yerli əhalinin psixoloji dəstəyə böyük ehtiyacı olduğunu öyrəndikdən sonra, yəni tələbatı nəzərə alaraq böyük şəhərlərdə “Loqos”un filiallarını açdıq. Gəncə və Gəncə ətrafı rayonların əhalisinə kompleks xidmət göstərən yeni filialın açılışından sonra yeni təkliflər gəlməyə başladı. Ardınca Lənkəranda, Xaçmazda, Bərdədə psixoloji xidmət və maarifləndirmə işlərinə başladıq.
Yeddi il ərzində onlarla layihələr həyata keçirmişik. Hər il 8 mart qadınlar bayramı ərəfəsində bağlanışını qeyd etdiyimiz “Müasir Azərbaycan qadını” layihəsi isə daha böyük əks-səda doğurdu. Gəncə və Lənkəran şəhərlərindəki bağlanış mərasimlərində tanınmış millət vəkillərinin, dövlət xadimlərinin, qadın səfirlərin, tanınmış incəsənət adamlarının çıxışları layihədə iştirakçıları üçün həm gözlənilməzliyi qədər də faydalı oldu. Bu layihədə bizim əsas məqsədimiz sosial həyatdan uzaq düşən, özünə, bacarıqlarına güvənməyən, uğurlu iş xanımlarına qibtə ilə baxan, onların əlçatmazlığına inanan qadınlara dəstək vermək idi.
Eyni zamanda “Azərbaycan: Gənclər, Psixologiya 1” konfransımız mətbuatda geniş yer aldı. Yəni, biz öz gücümüz daxilində həm Bakıda, həm də bölgələrdə psixoloji maarifləndirmə, problemlər, onların aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər keçirməklə həm dövlət təşkilatlarının, həm də mətbuatın diqqətini çəkdik. Təbii ki, məqsədimiz diqqət çəkmək deyildi, amma dövlətin mənəvi dəstəyini hiss etmək bizə stimul verirdi, kollektiv işə daha böyük həvəslə yanaşırdı. Ətrafımızda könüllü gənclərdən ibarət komanda yaranırdı. Bu da işimizin daha bir uğurlu tərəfi idi. Mətbuatla, radio-televiziyalarla əməkdaşlığımız möhkəmləndikcə yeni ideyalar yaranırdı.
Kütləvi tədbirlər, daha geniş miqyaslı layihələr üçün artıq yeni bir təşkilatın yaranmasına ehtiyac duyulurdu. 2016-cı ildə təsis etdiyimiz, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi kimi Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatına alınan QHT dövlət qurumları və özəl təşkilatlarla birgə əməkdaşlıq yolunda yeni imkanlar yaratdı.
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi, Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində gənc jurnalistlərin psixoloji mövzuda məqalə müsabiqəsində məqsəd sahə üzrə kadrların hazırlığı məsələsini gündəmə gətirmək idi. Layihə sözün həqiqi mənasında faydalı oldu, “Loqos”un mətbuata hər zaman açıq olduğunu bilən jurnalistlər bizim qapılarımızı ürəklə açdılar.Hər sahədə olduğu kimi maarifləndirmə işində KİV-in rolu danılmazdır.
Xidmət istiqamətlərimiz genişlənməsi, layihələrin sayının artması “Loqos”un mətbu orqanını yaratmaq zərurətini ortaya qoydu.
Beləliklə, “Loqos”PNİM-in və Psixoloji Xidmət Və Tədqiqatlar Mərkəzinin birgə mətbu orqanı olan “LOQOS” jurnalı həyata vəsiqə aldı. Tam rəngli, nəfis tərtibatlı, psixoloji mövzuda sanbalı mütəxəssis məqalələri ilə zəngin olan 64 səhifəlik ilk nömrədən oxucunun diqqətini cəlb etdi. Mətbuat şurasında rəsmi qeydiyyatından keçən, ayda bir dəfə dərc olunan “LOQOS”un hələlik 9 sayı çap edilib. Mövcud şəraitlə bağlı jurnalın çapı hələlik dayandırılıb. Əminəm ki, çətinliklər tezliklə aradan qalxacaq və “LOQOS” jurnalı yenidən oxucuları ilə görüşəcək.
Komples xidmətdən söz açarkən mən həm də təbliğat-təşviqat işində hərtərəfli xidməti nəzərdə tuturam. Yəni, konkret psixoloji yardımda kompleks psixoloji-psixopedaqoji xidmət öz yerində, maarifləndirmədə də kompleks yanaşma çox önəmlidir.
Demək istədiyim odur ki, əməkdaşlarımızın dövlət tele-radio kanallarında davamlı çıxışları öz yerində, amma xalqla daha yaxın təmasda olmaq, daha çox fayda vermək üçün canlı verilişlərə ehtiyac duyurduq. Ehtiyac ideyanı, ideya canı efir zərurətini yaratdı. Xəzər tele məkanında efirə çıxan ““LOQOS”-la danışır Psixoloq” adlı canlı verilişimiz çox qısa zamanda ətrafına yetərli qədər tamaşaçı toplayaraq reytinq qazandı.
Danışılası, müzakirə olunası o qədər məsələlər var ki, haqqında söz açmadan ard-arda sıralamaq belə zaman baxımından imkansızdır. Planlar, ideyalar çoxdur. Mətbuat və nəşrlər şöbəmiz hazırda peşəkar mütəxəssislərlə bərabər toplu halda psixoloji və loqopedik mövzuda kitabçalar hazırlayır. Əminəm ki, onlar həm gənc mütəxəssislər, həm də valideynlər üçün masaüstü vəsait olacaq.
Həyat davam edir, çətinliklər də öz yerində. Çəkişmədən bərkimək mümkün deyil. Biz komanda olaraq çətinlikləri dəf etməyi və onların sayəsində daha gücü olmağın yollarını öyrənirik.
- Uğurlu psixoloq işində hansı prinsipləri rəhbər tutur?
- Peşəni dərindən bilməklə yanaşı, gördüyün işə sevgi ilə yanaşmaq uğurun başlıca şərtidir. Zənnimcə bu bütün peşələrə xas olan xarakterik xüsusiyyətdir. Qarşındakı insana qarşı səmimi və dürüst olmaq da çox önəmlidir. Özgüvəni yüksək olan mütəxəssis mütləq şəkildə qarşısındakına da güvən verəcək. Psixoloqla üzbəüz oturub çarə gözləyən şəxs ona inanmalıdır. Bu inam yoxdursa müsbət nəticədən söz gedə bilməz.
Psixoloqun konkret olaraq əməl etməli olduğu prinsiplər var. Ziyan vurma, sirri qoru, kömək et! Psixoloq qarşısındakı insanda güvən yaradaraq onu dinləməli, problemin haradan, nədən qaynaqlandığını öyrənməlidir. Hər temperament xarakteri özünəməxsus yanaşma tələb edir. Ruhun sağlamlığı ilə məşğul olmaq çətindir. Yaraları sözlə sağaltmaq xüsusi peşəkarlıq tələb edir.
- İnsan psixologiyasının incəliklərini bilmək sizə həyatda yardım edir, yoxsa mane olur?
- İnsan psixologiyasının incəliklərini bilmək qarşılıqlı ünsiyyət qurmağa, münasibətləri tənzimləməyə çox kömək edir. Qarşında səninlə üzbəüz oturan insan yalnız, danışığı, baxışı ilə deyil, bədən dili, mimik hərəkətləri ilə də az-çox dərəcədə özünü ifadə edir. O, nə qədər səmimidir, doğrumu-yalanmı danışır, peşəkar psixoloq bunu asanlıqla aydınlaşdıra bilir. Bunları bilməklə qarşındakı insanla necə davranacağına qərar verirsən. Yəni, peşəmin sirlərini bilmək həyatda mənə ancaq kömək edir. İstər şəxsi həyatımda, istərsə də işimdə bu üstünlüklərin faydasını görürəm. Məncə peşəsindən asılı olmayaraq hər kəsin psixoloji yanaşmanı bilməsində fayda var.
- “Loqos” PNİM-də hansı proqram və kurslar keçirilir?
- “Loqos”PNİM, həmçinin PXTM fəaliyyətə başladığı ilk ildən bu günə qədər saysız-hesabsız kurslar, təlimlər, seminar və konfranslar keçirib və proses yenə də davam edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkə mütəxəssislərinin də qatıldığı təlimləri və digər öyrədici tədbirləri də əlavə etmiş olsaq heç şübhəsiz ki, “Loqos” sözün əsil mənasında bir elm ocağı rolunu oynayır.
“Uşaq psixologiyası”, “Loqopediya”, “Klinik psxiologiya”, “Psixo-pedaqogika”, “Masaj və müalicəvi idman”, “İnkuliziv təhsil” sahələrində kurslarımız mütəmadi şəkildə həyata keçirilir.
- Terapiyada ən çətin məqam hansılardır? İşinizdə yolverilməz olan nədir?
- Gecikmiş, dərinləşmiş psixoloji, loqopedik problemlər. Gözləmə mövqeyində olmaq, adi saydığımız stresin, sarsıntının öz-özünə keçəcəyinə ümid edərək beyində gedən daxili savaşın zamanla fiziki bədənə keçərək qorxulu xəstəliklərə yol açmasına zəmin yaratmaq. Nəhayət fərqinə varmalıyıq ki, bu gün uzunmüddətli müalicə tələb edən, yaxud heç müalicəsi olmayan bir çox xəstəliklərin kökündə məhz psixoloji faktor dayanır. Son dönəmdə intiharların artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Amma sağlam düşüncəyə, sağlam ruha sahib olan heç bir şəxs səbəb nə olursa olsun özünə qəsd yolunu seçməz. Zamanında müalicə olunmayan yaralar bəlkə qabar bağlayar, amma sağalmaz, gizlində, biruzə vermədən öz işini görər. Belə bir ifadə var ki, psixoloqlar ruhun cərrahıdır. Bu fikirdə həqiqət çoxdur. Bir var qabar bağlamayan yaranı sağaldasan, bir də var yaranın qabarını qoparasan. Yəni dərinləşən psixoloji problemi aradan qaldırmaq çox çətin olur. Uzun müddət tələb olunur. İnsanlar xəstəliyin dərinləşərək ağırlaşmasına yetəri qədər zaman ayırsalar da korreksiya müddətinin uzanmasına dözmürlər.
İlkin müayinənin düzgün aparılması çox önəmlidir. Bu işlə ancaq yüksək ixtisaslı, təcrübəli peşəkarlar məşğul olmalıdırlar. Həkim müayinəsində anamnez nə qədər əhəmiyyətlidirsə, psixoloji müayinə də bir o qədər əhəmiyyət daşıyır. Bunun da öz çətinlikləri var. Psixologiyanın incəliklərini bilmək elə bu məqamlarda da köməyə gəlir.
Sorğunun ikinci hissəsinə gəlincə, bir qədər əvvəl də vurğuladım, bir daha təkrar edirəm ki, “Loqos” bir ailədir. Biz öz işimizi də, münasibətlərimizi də əsl ailə birinsipləri üzrəndə qururuq. Ailə birlikdir, ailə müqəddəsdir, yəni ailədə insanlığa xas olan hər şey var. Belə işləmək də rahat olur. Çünki basqı altında çalışmaq insanın enerjisini sömürür, iş fəaliyyətinə mənfi təsir edir. Tələbkarlıq, işə məsuliyyətlə yanaşmaq bizdə ciddi məsələdir. Təmizlik, səliqə səhman da öz yerində. Bizdə etik normalar çərçivəsində hər kəsin söz haqqı var. Bir insanın daxili ehtiyaclarının nə olduğunu bilmək, problemini həll etmək, yaxud təşəbbüslə gəlibsə mahiyyətinə varmaq, dəyərləndirmək olduqca vacib faktorlardır. Və ən əsası da inam və etibardır. Kollektivdə hər kəs məsuliyyətsiz davranışın yolverilməz olduğunu bilir.
- Mərkəzə müraciət edənlərin yaş həddi hansı aralıqdadır?
- Ümumiyyətlə bizdə yaş həddi yoxdur. Bütün filialarımızda uşaq, yeniyetmə və böyük psixoloqları var. Yaş fərqi nəzərə alınmadan müraciət edən hər kəsə yüksək səviyyədə xidmət göstərilir.
Siz də yaxşı bilirsiniz ki, xalq olaraq, toplum olaraq biz daha çox uşaqlar haqqında düşünürük. Uşaq ürəyi istəyəni yesin, ən yaxşısını geyinsin, yeri isti olsun, xəstələnməsin, yəni qayğılarımızın ən yüksək faizi uşaqlarla bağlıdır. Bu prizmadan yanaşıldığı üçün bizə müraciət edənlərin əksər hissəsi valideynlərdir. Amma övladının psixoloji, yaxud loqopedik problemi olan ata-ana onu da bilməlidir ki, uşaqla bağlı bütün travmalar ailədən, yaşadığı mühitdən qaynaqlanır. Bu istiqamətdə vaxtaşırı maarifləndirici layihələr, seminar və təlimlər təşkil edirik, valideynləri məlumatlandırmağa çalışırıq.
- Hansı təşkilatlarla əməkdaşlıq edirsiniz?
- Yerli və beynəlxalq təşkilatlarla birgə İrili-xırdalı yüzlərlə desəm, heç də mübaliğəli olmaz. Bizim işimizdə dövlət qurumları, təhsil və səhiyyə, QHT və özəl təşkilatlarla, Media ilə əməkdaşlıq vacib şərtlərdəndir.
Beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq sayəsində psixologiya ilə bağlı ən müasir yeniliklərlə tanış olmaq, təcrübələrdən yararlanmaq imkanı qazanırıq. Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, Beynəlxalq Fundamental Təhsil Universiteti, V.M.Bexterev adına Sankt-Peterburq Milli-Tibbi Neyropsixoloji Psixiatriya Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Moskva Təhsil işçilərinin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması Akademiyası, Lomonosov adına MQU-nun “Nasionalnıy psixologiçeskiy jurnal” redaksiyası, Moskvada nəşr olunan “Şkolnıy psixoloq” qəzeti redaksiyası ilə sıx əməkdaşlığımız davam edir.
Türkiyə Cümuhuriyyətinin tanınmış psixoloji mərkəzləri ilə də möhkəm əlaqələr yaratmışıq. Ötən illər ərzində həm Rusiyadan, həm də Türkiyədən dəvət etdiyimiz peşəkar mütəxəssislərin “Loqos”da keçirdiyi təlim və seminarlardan yüzlərlə gənc mütəxəssis faydalanıb.
Yerli strukturlarla əlaqələrimiz təbii ki, mütamadidir. Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YAP Nəsimi rayon təşkilatı, YAP Gənclər Birliyi, Ali və orta məktəblərlə birgə əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir.
SƏBİNƏ SƏMİDXAN
@ Business Time