putin-yeni-ferman-imzaladi-bu-qerar-cox-sayda-olke-ile-munasibetleri-gerginlesdire-biler

Putin yeni fərman imzaladı: Bu qərar çox sayda ölkə ilə münasibətləri gərginləşdirə bilər

Rusiya Prezidenti Vladimir Putin “dost olmayan dövlətlər” - ABŞ, Kanada, Yaponiya, Avropa İttifaqı və digər ölkələrlə bir sıra vergi sazişlərinin dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.

Dərc olunan sənədə əsasən, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişin bəzi müddəaları qüvvədən düşür. Söhbət gəlir və əmlaka təsir edən müqavilələrdən gedir.

Fərman Polşa, Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, İsveç, Lüksemburq, Rumıniya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, İrlandiya, Slovakiya, Albaniya, Belçika, Sloveniya, Xorvatiya, Kanada, İsveçrə, Monteneqro, Çexiya, Danimarka, İtaliya, Finlandiya, Almaniya, Fransa, Makedoniya, Kipr, İspaniya, Litva, İslandiya, Portuqaliya, Avstriya, Yunanıstan, Yeni Zelandiya, Avstraliya, Sinqapur, Malta və Yaponiya ilə müqavilələrin bəzi müddəalarına xitam verir.

Hökumətə göstəriş verilib ki, müvafiq qanunlar hazırlanaraq baxılması üçün Dövlət Dumasına təqdim edilsin. Fərmandan irəli gələn sazişlər “xarici dövlətlər tərəfindən Rusiya Federasiyasının qanuni iqtisadi və digər mənafelərinə, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarına qarşı törətdikləri pozuntular aradan qaldırılana qədər” dayandırılır.

Qeyd edək ki, iyun ayında Rusiya Maliyyə Nazirliyi vergi sığınacaqlarının qara siyahısını iki dəfə artırıb. Buraya qeyri-dost ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya və Avropa Birliyinin əsas ölkələri də əlavə edilib. Nazirlikdən bildirilib ki, siyahıya Aİ-nin qara siyahısına salındıqdan sonra Rusiya ilə məlumat mübadiləsini dayandıran ölkələr əlavə edilib. İyul ayında Danimarka da Rusiyanı 2024-cü il yanvarın 1-dən ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı razılaşmanın ləğvi barədə xəbərdar edib.

Oxu.Az