qala-sigorta-yene-de-on-siradadir

Qala Sığorta yenə də ön sıradadır

Son illər sığorta bazarında sürətlə məşhurlaşan Qala Sığorta Şirkəti cari ili  uğurla başa vuraraq ötən illərdə olduğu kimi, bu il də bazarın ən dinamik inkişaf edən sığorta təşkilatı kimi yadda qalıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə Qala Sığorta Şirkətinin sığorta ödənişləri 2020-ci il ilə müqayisədə 2 109 446 manat artıb. Bunun səbəbi təbii ki, 2021-ci ildə daha çox müştərinin cəlb olunaraq sığorta haqlarının əhəmiyyətli dərəcədə artmasıdır. Belə ki, cəmiyyət 2021-ci il  ərzində 43 911 202 manat sığorta tədiyyəsi toplayıb ki, bu da şirkətin, sığorta bazarının aparıcı sığorta şirkətləri arasında əhəmiyyətli yer tutmasına səbəb olub. Qeyd etmək lazımdır ki, cəmiyyət ötən ilin müvafiq dövründə 33 002 592 manat sığorta haqqı toplamışdır. Başqa sözlə, şirkətin satış həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 908 610 manat artmışdır.

Bununla cəmiyyət cari il üçün qarşısına qoyduğu hədəflərə çatmaqla yanaşı, eyni zamanda sığorta bazarının inkişafına öz töhfəsini vermiş olur.Belə uğurlu nəticələr, pandemiya dövründəki məhdud bazar imkanları şəraitində Qala Sığortanın düzgün satış strategiyasına malik olmasndan xəbər verir.

Şirkətdən verilən açıqlamaya görə, 2021-ci ilin satış hədəflərində də Qala Sığorta Şirkəti ənənəvi sığorta məhsulları ilə yanaşı qeyri-ənənəvi sığorta məhsullarının inkişafını da unutmayaraq bazarın bütün seqmentləri üçün keyfiyyətli xidmət  göstərməkdə davam edir.

Xatırladaq ki, cəmiyyət 2015-ci ildə yenidən təşkil olunaraq “Qala” brendi altında yeni satış strategiyası ilə müasir sığorta bazarının tələblərinə uğurla inteqrasiya edir və hal-hazırda, müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 26 növü, o cümlədən 22 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.