Koronavirus epidemiyası nəzarət altına alınmadığı təqdirdə Hindistan viran qalacaq.
“Reuters”in məlumatına görə, Hindistanın keçmiş Baş naziri İndira Qandinin nəvəsi, müxalif siyasətçisi Rahul Qandi belə bir proqnozla çıxış edib.
Müxalifətçi Hindistanın Baş naziri Narendra Modiyə milli lokdaun tətbiq etmək, vaksinasiya proqramını sürətləndirmək, həmçinin infeksiya və mutasiyalarını izləməyə başlamaq xahişi ilə məktub yazıb.
Siyasətçi eyni zamanda bildirib ki, virus dalğası nəzarət altına alınmazsa, bu bütün dünya üçün təhlükəyə çevriləcək.
“Hindistan planetdəki hər altı nəfərdən birinə ev sahibliyi edir. Pandemiya göstərdi ki, ölkəmizin böyüklüyü, genetik müxtəlifliyi və mürəkkəbliyi virusun sürətli mutasiyası üçün münbit zəmin yaradır”, - deyə o, vurğulayıb.
Xatırladaq ki, yarım aydan çoxdur antirekordların yeniləndiyi Hindistanda mayın 7-də 414 min yoluxma halı qeydə alınmışdı.