Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib.
İnsider.az "APA"-ya istinadla xəbər verir ki, mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib.
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın güclü orduya malik bir ölkə olmasının hər birimizdə sonsuz qürur hissi doğurduğunu vurğulayıb.
A. Kərimov bildirib ki, dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. 2019-cu il ərzində də təqdim edilən iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4% artaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100% artırılmasına imkan verib. Dövlət sektorunda işləyənlərin də əmək haqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri də əhəmiyyətli şəkildə artırılıb. Həmçinin, 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla, bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 mln. vətəndaşın rifahına ciddi dəstək olub.
Nazir müavini qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil bu kateqoriyalardan olanlara təqdim edilib. Cari ildə isə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 60 mənzil hazırda təqdim edilir. Ümumilikdə indiyədək nazirlik tərəfindən həmin kateqoriyalardan olanlara 6 714 mənzil verilib. Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edilibsə, cari ildə həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil təqdim edilib. Bununla indiyədək 6 300-dək avtomobil müharibə əlillərinə təqdim edilib.
A. Kərimov yeni mənzillə təmin olunan vətəndaşları təbrik edərək, onlara xoş arzularını çatdırıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb, sosial təminatlarının gücləndirilməsindən, müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, bu gün isə yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
İctimai təşkilatların rəhbərləri sosial sahədə atılan inqilabi addımların əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlara nail olmağa imkan verdiyini qeyd ediblər. Vurğulanıb ki, atılan bu addımlar, eyni zamanda, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin yeni mənzillərlə təmin edilməsi işlərinin ildən-ilə güclənməsi dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.
Sonra yeni mənzillərə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.