Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində ekoloji və mədəni irs sahəsində məktəb və məktəbdənkənar təhsil müəssisələrinin rolu” adlı onlayn “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”nın keçirilməsində məqsəd Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqlarının artırılması, “Yaşıl şəbəkə” proqramı və “Mədəni irs məktəblilər üçün onlayn platforma”nın əhatə dairəsinin genişləndirilməsi və gücləndirilməsi olub.
Həmçinin, uşaq və gənclərin ətraf mühitin qorunmasında fəal iştirakının təmin edilməsi, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması, diyarşünaslıq, ekoturizmin inkişafı və ətraf mühitin mühafizəsi məqsədilə yerli və beynəlxalq təşkilatlarla birgə 2021-ci ilin l yarısında keçiriləcək silsilə tədbirlərə uşaq və gənclərin cəlb edilməsi də əsas məqsədlərdən olub.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd rəsm qalareyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.
Nazir müavini diqqətə çatdırıb ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır və bu prosesdə Azərbaycan gəncləri fəal iştirak edəcəklər:
“Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır.
İşğal olunmuş ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, ekoloji və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalı, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi məsələləri prioritet istiqamətlər arasında ön sıralarda olmalıdır”.
F.Qurbanovun sözlərinə görə, Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqların artırılması, onlarda vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək.
Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə təqdimatlarla çıxış ediblər.
“Dəyirmi masa”da mövzu ətrafında müzakirələr aparılıb və RUGİM tərəfindən “Yaşıl şəbəkə”, eləcə də “Mədəni irs məktəblilər üçün onlayn platforma”da keçirilən proqramların təqdimatı olub.