qazaxistan-sirketi-uzen-qazma-qurgusunu-azerbaycana-catdiracaq

Qazaxıstan şirkəti üzən qazma qurğusunu Azərbaycana çatdıracaq

Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçilik Şirkəti “Satti” özüqalxan üzən qazma qurğusunun Azərbaycana çatdırılması ilə bağlı hazırlıq işləri görür.

İnsider.az xəbər verir ki, şirkətin baş direktoru Marat Ormanov bildirib ki, çatdırılma iyunun 1-nə planlaşdırılır.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “KazMunayQaz” şirkətləri arasında imzalanmış memoranduma əsasən, Qazaxıstan şirkəti “Satti” özüqalxan üzən qazma qurğusunun "Caspian Drilling Company LTD." MMC-nin tərsanəsinə çatdırılmasına məsuliyyət daşıyır. Qazma qurğusunun çəkilməsi üzrə operator “Kazmortransflot” şirkəti təyin edilib.

"Əməkdaşlıq çərçivəsində həmçinin qazma qurğusunun təkmilləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabiliyyətliyini artıracaq", - M.Ormanov əlavə edib.

Qeyd edək ki, “Sətti” qurğusunun təkmilləşdirilməsi qazma qurğularının təkmilləşdirilməsi və tikintisi üzrə böyük təcrübəyə malik "Caspian Drilling Company LTD." şirkəti tərəfindən Bakıda elə ona məxsus "CDC Dəniz Təchizat və Logistika Bazası"nda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra “Caspian Drilling Company LTD." qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.

Müqaviləyə əsasən, qazma qurğusunun təkmilləşdirilməsi və sonradan Xəzər dənizində qazma əməliyyatlarında istismarı məqsədi daşıyır. Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi dayazsulu “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, SOCAR və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti arasında yanvarın 26-da Bakıda imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, "Caspian Drilling Company LTD." MMC-nin baş direktoru Fərid Axundov və “KMG Drilling & Services” şirkətinin baş direktoru Andar Şukputov tərəfindən fevralın 16-da Astanada “Sətti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.

©Report