qebiristanliqlar-qeyri-effektiv-sayildi-defn-biznesinin-basina-alimler-kecir

Qəbiristanlıqlar qeyri-effektiv sayıldı – dəfn biznesinin başına alimlər keçir

Kompost şəklində yeni insan dəfn üsulu ilk olaraq ABŞ-da Vaşinqton ştatında qanuniləşdirilib. Kaliforniyada Silikon vadisinin sahibkarları ağacları kremasiya olunmuş cəsədin külü ilə gübrələmək üçün meşələri satın alırlar. Bəzi alimlərin fikrincə, mərhumların qalıqlarını ekologiya üçün daha böyük fayda ilə istifadə etmək gərəkdir.

Sürətli dondurulma

1999-cu ildə İsveç bioloqu Süzanna Viiq-Masak çürüntü əldə etməyin metodunu patentləşdirdi. Orqanik materialı maye azotlu xüsusi kamerada təxminən 190 dərəcəyə selsiyə kimi dondururlar. Sonra onu dəyirmanda, ya da ultrasəslə xırdalayırlar və təkrar dondururlar.

Sonra material bioçürüyən konteynerə, məsələn, torfdan hazırlanmış küpə yerləşdirilir və 25 sm dərinlikdə yerə basdırılır. Torpaq bakteriyaları işi tamamlayırlar. Yaxınlıqda bitki əkməyi tövsiyə edirlər. Bu bitkinin kökləri özləri gübrəyə çatacaq.
Bu şəkildə istənilən orqanikanı emal etmək olar: məişət tullantılarını, heyvan və ya... insan meyitini.

Bu ideya İsveçdəki krematorilərlə olan qalmaqalların fonunda yarandı. Ekoloqları diş plomblarının yanması vaxtı əmələ gələn civənin atmosferə tullantıları narahat edirdi. Nəzərə alsaq ki, isveçlilərin 70%-ini kremasiya edirlər, bu təşviş əsassız deyil.

“Kadavr. Ölümdən sonra cəsəd elmə necə xidmət edir” kitabında jurnalist Meri Rouç dondurulmanı – qalıqların qurudulmasını – olduqca perspektivli kimi qiymətləndirir. Texnologiyanı 2003-cü ildə tətbiq etməli idilər, lakin nəsə düzgün getmədi.

Viiq-Masak tərəfindən innovasiyanın irəli çəkilməsi üçün təsis edilmiş “Promessa” firması 2015-ci ildə ləğv olundu. Cari ilin mart ayından bəri isə patent də dəstəklənmir. Onu heç kəs almadı.

İşin başına mikroblar keçir

Ölüləri komposta çevirməyi 1998-ci ildə ABŞ-ın Tennesi Universitetinin məzunu Tim Evans təklif etmişdi. O, həqiqi cəsədlə eksperiment aparıb nəticə ilə razı qaldı. Bundan sonra o, qəbirstanlıq üçün ayrılan torpaqla problem yaşanan Havay və Çin hökümətinə müraciət etdi. İdeyanı dəyərləndirmədilər. Rouçun öz kitabında yazdığı kimi, insanlar bu ideya üçün olduqca mühafizəkardırlar.

Bəlkə vəziyyət indi dəyişib? Sahibkar Katrina Speyd daha ekoloji mərasim xidmətlərini təklif etmək üçün 2014-cü ildə “Recompose” layihəsini işə saldı. Ölünü xatirə kompleksinə gətirib komposta çevirirlər.

Sürətli kompost edilmə (dekompozisiya) fermerlərə yaxşı tanışdır – onlar bu yolla ölmüş heyvanlardan qurtulurlar. İnsan üçün onu Linn Karpenter-Boqqzun başçılığı altında Vaşinqton ştatının universitetindən olan torpaqşünaslar modernizə ediblər.

Onlar universitetə elm naminə miras edilmiş altı cəsədlə sınaqlar aparıblar. Meyiti ağac yonqarı olan kapsula yerləşdiriblər. Sonra termofil bakteriyaların çoxalması üçün şərait yarartmaq üçün su və şirin məhlul töküb, 55 dərəcə selsiyə kimi qızdırıb və aerasiya ediblər. Həmçinin ağır metalları birləşdirən kimyəvi maddələrdən də bir qədər qatıblar.

Kapsul tərkibindəkini qarışdıraraq, fırlanır, mikroorqanizmlər artır və bir ay sonra kompost hazır olub. Texnologiya müəlliflərinin qənaətinə görə, nəticədə sümüklər və dərman, məsələn, antibiotik qalıqları daxil, hər şey emal olunub.

Speyd iddia edir ki, bu texnologiya yerə basdırılma və ya kremasiyadan qat-qat ekolojidir: qalıqlar yeraltı sulara filtrat buraxmadan tez çürüyürlər və krematorilərdəki kimi qazıntı yanacağından havaya karbon qazı buraxılmır.

Müəssisə geniş səs saldı və cari ilin mayın 21-i Vaşinqton ştatında kompost şəklində dəfn edilməyə icazə verən qanun imzalandı.

Qəbir əvəzinə ağac

Üç il əvvəl Silikon vadisinin biznesmenləri meşə sahələrini alıb kremasiya olunmuş insanın külünü ağac altında əkmək hüququnu satmaq üçün “Better Place Forests” şirkətini təsis etdilər. Ayrıca ödəniş əvəzinə adi gübrə əldə edərək, külü kimyəvi maddə ilə qarışdırırlar.

İlk belə sahə Sakit okeanın sahilində Mendosino dairəsinin meşəsində açıldı. Orada əsrlik sekvoyalar bitir. Sahibkarla belə xatirə komplekslərinin adi qəbiristanlıqlardan daha xoş, ekoloji və uzunömürlü olduğunu hesab edirlər. Axı sekvoyalar 700 iləcən yaşayır.

Yeni dəfn edilmə üsullarının xeyrinə arqumentlər kifayət qədərdir: qəbiristanlıq üçün ayrılan torpaqların defisiti, yerin baha olması, krematorilərin indiki ekoloji standartlara cavab verməməsi. Buna baxmayaraq, dəfn etmə innovasiyaları hətta Avropada – yaşıl hərəkatın lokomotivində - belə çətinliklə özünə yol tapır.

Samirə Məmmədova