Bu ilin ilk üç ayında Azərbaycanda 3972, altı ayında isə 8 minə yaxın boşanma qeydə alınıb.
Rəsmi məlumatlara görə, ölkəmizdə hər gün təxminən 45 ailə dağılır. Boşanmalardan ən çox zərər çəkənlər birmənalı olaraq azyaşlı uşaqlardır.
Boşanmadan sonra uşağın saxlanılması üçün ödənilən alimentlər və uşaqla görüş kimi məqamlar ciddi münaqişə (MÜBAHİSƏ DEYİL) predmeti olmaqla yanaşı, həm də hər kəsin həssas yanaşmalı olduğu bir mövzudur.
Bu sahədə problemlər isə həddindən çoxdur. Problemi çox vaxt körükləyən ədalətsiz qərar verən məhkəmələr və bu qərarları icra edən məmurlar olur.
Ola bilər ki, bu fikirlərimiz əlaqədar instansiyalarda subyektiv mövqe kimi qəbul edilsin və s. Amma jurnalist həmkarlarımız vaxtlarını ayırıb İcra Hakimiyyətləri yanında Qəyyumluq və himayəçilik komissiyalarının, məhkəmə hakimlərinin, icra məmurlarının boşanan ailələrdə uşaqların taleləri ilə bağlı vermiş olduqları, icra etdikləri hallara baxsalar, dəhşətə gəlməyə bilməzlər.
Baxmayaraq ki, bu gün ölkə rəhbərliyinin uşaqlara yanaşma tərzi bütün dünyaya örnək ola biləcək səviyyədədir. Azərbaycanın Birinci Vitse-prezidenti demək olar ki, az qala hər gün sağlamlıq imkanları məhdud - əlilliyi olan uşaqların yanındadır, onların cəmiyyətə inteqrasiyası üçün böyük işlər görür.
Yuxarıda sadaladığımız qurumlar isə bunun əksinə olaraq, hətta deyərdik ki, dövlət siyasətinə qarşı gedərək, dünyaya sağlam gələn uşaqları yumşaq ifadə etsək, ədalətsiz qərarları ilə şikəst edirlər.
Bunun isə bir adı var: Cinayət...
Çünki onlar bu addımları ilə yalnız uşaqları deyil, bu uşaqları şikəst etməklə Azərbaycanın gələcəyinə balta çalmış olurlar.
Bütün bunlar çox təəssüf ki, bir gerçəklikdir. Növbəti yazılarımızda konkret faktlar ortaya qoyulacaq.
Məlumdur ki, boşanma zamanı uşağın atada, yaxud anada qalması prosesində, eyni zamanda övladlığa uşaq götürmə hallarında vətəndaşlar bir çox çətinliklərlə qarşılaşır.
İllərlə davam edən məhkəmə çəkişmələrində uşaqlarlar psixoloji travma alır, stres, gərginlik keçirir, əsəbləri tarıma çəkilir. Bu işdə səbbəkar isə məhkəmələrlə yanaşı, səlahiyyətli qurum - İcra Hakimiyyətləri yanında Qəyyumluq və himayəçilik komissiyalarıdır.
Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli qərarına əsasən, vətəndaş müvafiq sənədlər toplayaraq pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və himayəçilik komissiyasına müraciət edərək, qeydiyyata götürülür.
Qəyyumluq komissiyası tərəfindən qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə, övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil Nazirliyinə göndərilir.
Uşağın övladlığa verilməsi barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi üçün əsas hesab edilir. Bununla yanaşı, məhkəməyə RİH-in Qəyyumluq və himayəçilik orqanı tərəfindən uşağın övladlığa verilməsi barədə rəy təqdim olunur. Məhkəmə prosesində RİH-nin Qəyyumluq və Himayəçilik orqanının və övladlığa götürülən uşağın yaşadığı dövlət uşaq müəssisəsinin (uşaq evi, internat) nümayəndələrinin iştirakı vacibdir. Yaxud da boşanma hallarından sonra məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə halları olur ki, Qəyyumluq komissiyaları bu işdə tərəflərə müdaxilə edə bilir.
Bir çox hallarda isə bu müdaxilələr uşaqların sonrakı taleyinin etibarlı şəkildə qorunmasını təmin etməyən qərarlara gətirib çıxarır. Tərəflərdən birinin komissiya üzvlərilə sövdələşməyə getməsi, uşaqların həyatını alt-üst edir.
“Hansı valideyn daha çox pul verirsə...”
Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı Modern.az-a ilginc məqamlar açıqlayıb. O, qeyd edib ki, uşaqların taleyilə bağlı məsələlər hər zaman ciddi müzakirə mövzusudur:
“Çünki uşaqların taleyi təkcə ailələrin deyil, millətin taleyilə bağlı məsələdir. İstər Azərbaycan Respublikasının Konstitusiyası, istərsə Ailə Məcəlləsində və digər qanunvericilik aktları uşaqların hüquq və azadlıqlarının müdafiəsilə bağlı normalar müəyyənləşdirilib. Çox təəssüf ki, bir çox hallarda bu normalar doğru-düzgün tətbiq olunmur. Xüsusilə boşanmadan sonra uşağın kimlə qalması hallarında heç də həmişə qanuna istinad edilmir.
Burada daha çox tərəflərin maddi imkanlarına istinad edilir, uşağın maraqları nəzərə alınmır. Azərbaycanda bir qayda olaraq boşanmadan sonra uşağın kimlə qalması mübahisələri ananın xeyrinə həll edilir. Bu da təbiidir. Çünki uşağın təlim-tərbiyəsində daha çox məsuliyyət ananın üzərinə düşür, ümumiyyətlə bir körpənin yetişməsində qadının rolu əvəzedilməzdir.
Amma təəssüf ki, mübahisəli hallarda azyaşlının arzu və istəyi, onun böyüməsi üçün daha əlverişli şərait yox, hansı valideynin daha çox pul verməsi üstün rola malik olur. Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyaları demək olar ki, işləmirlər. Onlar sadəcə bu məsələyə əlavə yük kimi baxırlar. Bu vəzifə əsasən ya başçının müavinlərinə, ya da şöbə müdirlərinə həvalə olunur. Amma bütövlükdə Qəyyumluq komissiyaları qərar qəbul etdikləri uşaqların sonrakı taleyilə maraqlanmırlar. Məhkəmə qərar çıxaran zaman mütləq Komissiyanın rəyini nəzərə alır. Belə olan halda Qəyyumluq komissiyaları uşağın mənafeyini deyil, hansı valideyn daha varlıdırsa, onun istəklərini əsas götürür”.
Pulu var deyə kefinə düşəndə, atalıq hissləri güc gələn atalar...
Hüquqşünas bu günlərdə şahidi olduğu bir halla bağlı fikirlərini də bölüşüb:
“Bakıda məhkəmələrin birində təsadüfən bir müraciət daxil oldu. Mən gördüm ki, Rayon İcra Hakimiyyəti hətta həmin ərazidə yaşamayan birinin məsələsinə rəy verib. Hansı ki, məhkəmə yanlış yanaşma sərgiləyərək, işi həmin rayona göndərmişdi. Qəyyumluq komissiyası atanın yaxşı imkanları olduğunu nəzərə alaraq, uşağın onda qalmasına müsbət rəy verib. Halbuki, uşaq uzun müddət anasının himayəsindədir, onun təlim-tərbiyəsilə böyüyür. Bu müddət ərzində atanın heç uşağın harada, hansı şəraitdə yaşamasından xəbəri olmayıb. İndi birdən-birə atalıq hisləri baş qaldırıb və öz pulu hesabına uşağın kimin yanında qalması ilə bağlı məhkəmə iddiası qaldırır. Uşaq 10 yaşını tamamlayıb və anası ilə qalmaqda israr edir. Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanı bu fikrə baxmadan, uşağın atasında qalması ilə bağlı rəy verib və məhkəməyə göndərib. Halbuki, o atanın uşağından uzun müddət xəbəri olmayıb, onunla maraqlanmayıb”.
“İcra Hakimiyyətindəki psixoloqların özlərinə psixoloq lazımdır”
Hüquq müdafiəçisi Qəyyumluq və himayəçilik orqanlarında çalışan psixoloqların özlərinin psixoloqa ehtiyacı olduğunu vurğulayıb:
“Onlar çox vaxt hansısa şəxsi psixoloq adı ilə çağırıb 1-2 sual verdirirlər. Uşaqla həmsöhbət olan psixoloq onun bütün həyat tərzini öyrənməlidir, illər ərzində hansı şəkildə yaşaması ilə maraqlanmalıdır. Təssüf ki, oradakı psixoloqlar təzyiq, yaxud yönləndirici suallar ünvanlamaqla uşaq barədə rəy hazırlayırlar. Sözügedən məsələ ilə bağlı məlum oldu ki, həmin məhkəmə iddiaya baxa bilməz. Gülməlisi odur ki, həmin məhkəmə eyni gündə iki qərar qəbul edib. Deməli, qərarın birində göstərilir ki, tərəflər prosesdə iştirak edib, digərində göstərilib ki, tərəflər prosesdə iştirak etməyib. Buradan həmin məhkəmənin nə dərəcədə dürüst, qərəzsiz və ədalətli qərar verməsi aydın olur. Mən məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasına müraciət etdim. Fakt araşdırıldı və məlum oldu ki, məsələ həmin məhkəmənin icraatına aid deyil. İşə tamamilə başqa rayon məhkəməsində baxılmalı imiş. Bunun altında nələr yatır, kənara qoyuram, amma məhkəmə qərarının eyni gündə iki fərqli məzmunda yazılmasının özü belə, bir çox şübhələrə əsas verir. Çox yaxşıdır ki, Məhkəmə Hüquq Şurası məsələyə öz münasibətini bildirdi. Hazırda proses davam etdiyindən, detallar barədə daha ətraflı məlumat verə bilmirəm”.
Şəxsi maraqlar uşaq taleyindən üstün tutulanda...
Ə.Nuriyevin sözlərinə görə, Qəyyumluq komissiyaları formal fəaliyyət göstərir:
“Onlara uşaqların taleyilə bağlı məsələ həvalə olunsa da, onlar bunu bilmirlər, bacarmırlar, yetərli biliklərə malik deyillər. Əksər hallarda uşağın maraq və manefələri ikinci plana düşür. Ona görə də bu sistemin yenidən qurulmasına ehtiyac var. Qəyyumluq orqanlarının tərkibinə kimlərin daxil edilməsinə yenidən baxılmalıdır. Qəyyumluq orqanlarının işi yalnız uşağın kimlə qalmasının mübahisələndirilməsilə məhdudlaşdırılmamalıdır. İnanın ki, bu komissiyalar yalnız uşağın kimdə qalması məsələsi ortaya düşəndə “fəaliyyətə başlayırlar”. Çünki burada öz maraqları var”.
Bəzi hakimlər uşaqların taleyilə oynayır
Hüquqşünas məhkəmələrdə uşaq məsələlərilə bağlı ixtisaslaşmış hakimlərin fəaliyyət göstərməli olduğuna diqqət çəkib:
“Söhbət ixtisaslaşmış məhkəmələrdən yox, ixtisaslamış hakimlərdən gedir. Uşaqlar, onların hüquqları, ailə münasibətlərilə bağlı işlərə baxılması üçün hakimlərin ixtisaslaşmasına ciddi ehtiyac var. Bu işlərə baxılarkən bir çox məsələlər nəzərə alınmalıdır. Burada mal-mülk məsələsi mübahisə predmeti deyil, insan taleyi həll olunur. Çox təəssüf ki, bu kimi işlərə baxılarkən bəzi hakimlər tərəfindən ədalətsiz, qeyri-peşəkar yanaşmanın şahidi oluruq. Hətta bəzən məhkəmələr elə qərar qəbul edir ki, sonra həmin qərarlar icra oluna bilmir. Bir neçə il əvvəl Qubada baş vermiş hadisə hamımıza bəllidir. Məhkəmə elə qərar vermişdi ki, icraçılar da pis vəziyyətdə qalmışdı. Qərar icra edilməmək səviyyəsinə gətirib çıxır. Çünki bəzən qərar qəbul ediləndə bütün məqamlara diqqət yetirilmir”.
“Qəyyumluq komissiyaları ləğv edilsin”
Ə.Nuriyev məsələnin həllinə yönəlik təkliflə çıxış edib:
“Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmalıdır. Komitə bu istiqamətdə xeyli işlər görüb. Uşaqlarla bağlı Milli Fəaliyyət Planı hazırlanır. Komitə çalışır, amma yetlərli səlahiyytələrə malik deyil. Komitə məcburi xarakterli normativ qərarlar verə bilmir. Hesab edirəm ki, uşaqların və ailələrin maraqlarının qorunması baxımından Komitənin səlahiyyətlərinə yenidən baxılmalıdır və qəbul etdikləri qərarlar məcburi xarakter daşımalıdır. Səlahiyyətlərin yetərsizliyi məsələləri daha dərindən araşdırmağa imkan vermir. Ona görə də məsələyə yenidən baxılmalıdır. Mən təklif edərdim ki, İcra Hakimiyyətləri yanında Qəyyumluq komissiyalarının səlahiyyətləri tamamilə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komissiyasına verilsin. Çünki bu proseslərlə bağlı yeni konseptual yanaşmanın tətbiqi mütləqdir”.