qeza-zamani-hansi-hallarda-sigorta-odenisi-verilmeyecek-ekspert

Qəza zamanı hansı hallarda sığorta ödənişi verilməyəcək? - Ekspert

İcbari sığorta növü vətəndaşların istər yaşayış, istərsə də qeyri-yaşayış obyektlərini dəymiş zərərdən sığortalayır. Avtomobil sığortası isə daha çox tələbat olan sığorta növlərindəndir. Bu səbəbdən avtomobillərin icbari sığorta növü ilə bağlı sürücülərdə daha çox suallar yaranır.

Sığorta üzrə ekspert İlkin İbrahimov avtomobillər üçün icbari sığorta ilə bağlı sürücüləri maraqlandıran sualları cavablayıb. İnsider.az həmin müsahibəni təqdim edir:

-İl ərzində dəfələrlə qəza törədən sürücü ilə heç bir dəfə də qəza törətməyən sürücünün illik sığorta ödənişində fərq varmı?

-İl ərzində bir neçə dəfə qəza törədən sürücü ilə, qəza törətməyən sürücünün illik sığorta haqqında icbari sığorta növündə bonus-malus sistemi tətbiq edilir. Yəni bu, o deməkdir ki, yaxşı sürücü ilə pis sürücü arasında fərq qoyulur. Yaxşı sürücünün sığorta haqqına güzəşt edilir, pis sürücünün isə sığorta haqqına əlavə faiz gəlir. Bu adət ölkəmizdə yaxşı sürücülərə nisbətdə tətbiq edilir. Təəssüflər olsun ki, qəza edən sürücüyə onun sığorta haqqının yuxarı olmasını dedikdə, etibarnamə ilə verilmiş digər avtomobil istifadəçisinin adı yazdırılır. Bu da həmin sistemin qüsurlu işləməsinə gətirib çıxarır.

-Kasko sığortada tutulan franşiza (azad olma məbləği) hər dəfə qəza törədəndə tutulur, yoxsa il ərzində ancaq bir dəfə?

-Ümumiyyətlə, franşiza - azadolma beynəlxalq termin olub sığorta riskləri zamanı istifadə olunan əlavə xidmət haqqı kimi başa düşülür. Yəni sığorta haqqı ödəyirsiniz, müəyyən olunmuş azadolma məbləğinin isə hadisə baş verdiyi zaman ödənilməsi nəzərdə tutulur. Azadolma məbləği 2 cür tətbiq edilir: Şərtli və şərtsiz azadolma məbləğləri. Şərtli azadolma sığorta hadisəsi zamanı müəyyən edilmiş məbləğdən yuxarı olan zaman sığorta ödənişini özündə əks etdirir. Bu, ölkəmizdə təcrübəsi olmayan növdür. Şərtsiz azadolma isə sığorta halı zaman razılaşdırılmış məbləğin sığorta şirkətinə ödənilməsini nəzərdə tutur. Məsələn 5000 AZN-lik hadisə baş veribsə (ZƏRƏR dəymişsə), 300 AZN şərtsiz azadolma yazılan zaman müştəriyə 5000-300=4700 zərər ödənişi ödənir. Bu, hər bir hadisə üçün keçərlidir.

-Qəza zamanı hansı hallarda sığorta ödənişi verilmir?

-Sığorta ödənişindən imtina halları Mülki Məcəllə, İcbari sığortalar haqqında qanunda öz əksini tapıb. Ümumiləşdirsək, aşağıdakı hallar zamanı ödəniş verilmir və ya sonradan qarşı tərəfdən tələb edilir. 
1. Şəxs içkili və ya narkotik-psixotrop maddə qəbul edərək avtomobili idarə edirsə, 
2. Avtomobili idarə etməyə səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunan avtomobil olarsa, 
3. Hadisə qəsdən törədilərsə, 
4. Könüllü sığorta zamanı razılaşdırılmış ağlabatan vaxtda sığorta şirkətinə məlumat verilməzsə. Bu hal İcbari sığorta növündə istisna edilir. Zərərçəkən hadisə zamanı və ya bir neçə vaxtdan sonra xəbər versə belə imtina oluna bilməz. Əgər belə şübhə varsa, sığorta şirkəti bunu sübuta yetirərsə zərərçəkənə ödəniş edib, sonradan zərərçəkəndən geri istəyə bilər.

-Sığorta ödənişinin verilməsi qanunla neçə gün müddətində ödənilməlidir?

-İcbari sığortalar haqqında qanuna əsasən icbari sığortanın ödənişi nəğdsiz qaydada, bütün sənədlər təqdim olunduğu vaxtdan 7 iş günü müddətinə ödənilməlidir.

-Avtomobilin bir neçə sürücüsü varsa, onların hər birinin ayrı-ayrı icbari sığortası olmalıdırmı? Bu halda ödəniş kimə verilir?

-Avtomobilin bir neçə sürücüsü varsa, onların hər birinin icbari sığortasının olması vacib deyil. Çünki icbari avtomobil sığortası vətəndaşı deyil, avtomobili sığortalamağı məqsəd bilir. Bir avtomobilin bir dövlət nömrəsi olduğundan hər dövlət nömrəli avtomobilin sığortasının məcburiliyi qeyd edilir.
Qəza zamanı sığorta ödənişi mütləq avtomobilin əsas sahibinə ödənir. Sürmək icazəli, etibarnaməli şəxsə sığorta ödənişi ödənmir.
Qeyd edək ki, Prezidentin fərmanına əsasən 2020-ci ilin yanvarın 1-dən Azərbaycanda sığorta şirkətlərinin İcbari Sığorta Bürosuna (İSB) ödəmələri 2 dəfə artırılacaq.

Nübar Lətifli