qisas-emeliyyati-regionun-tehlukesizliyini-tehdid-edenlere-cavab-serh-foto

“Qisas” əməliyyatı - regionun təhlükəsizliyini təhdid edənlərə cavab - ŞƏRH + FOTO

İstənilən dövlətin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud cinayətkarları zərərsizləşdirməsi müstəsna hüquqdur. Bu, beynəlxalq hüquqda və konvensiyalarda təsbit edilib. Çünki belə olmasa, həmin cinayətkarlar həm regional, həm də qlobal miqyasda təhlükə mənbəyinə çevrilə bilər.

Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusu bölmələrinə qarşı törətdiyi terror-təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan Ordusunun həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürülüb.

Sual olunur: Azərbaycan ərazisində erməni silahlı dəstələri niyə qalıb?

Çünki 2020-ci il noyabrın 10-də imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Başqa sözlə, atəşkəsin imzalandığı gecə Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olduqları zaman ona paralel olaraq erməni silahlıları Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu baş vermədi. Deməli, üçtərəfli razılaşmanın şərtini Rusiya və Ermənistan tərəfi pozur. Nəzərə almaq lazımdır ki, Rusiya vasitəçi və təminatçı ölkə kimi bu müddəanın həyata keçməsinə məsuliyyət daşıyır.

Rusiya hərbçilərinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində ermənilərin qanunsuz silahlı dəstələrinin qalması və ya onların yenidən formalaşdırılması da noyabrın 10-da imzalanan kapitulyasiya aktının ruhuna və müddəalarına ziddir. Belə çıxır ki, həmin qanunsuz dəstələrin qalmasında, yaranmasında Rusiya maraqlıdır, yaxud onu “sülhməramlı” adı altında rusiyalı hərbçilər formalaşdırır, silahlandırır.

Məsələn, Rusiya sülhməramlı qüvvələrə lazım olmayacaq silah və hərbi-texniki avadanlığı müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə niyə daşıyırdı? Ötən illərin təcrübəsi həmin silahların ermənilərin qanunsuz silahlı dəstələrinə ötürüldüyünü deməyə əsas verir. Razılaşmada ermənilərin “özünümüdafiə” adlı hər hansı “dəstəsi”nin olmasına və ya yaranmasına dair bir işarə belə yoxdur. Onda bu qanunsuz dəstələr Azərbaycan ərazisində niyə var? Onları kim himayə edir?

Sülhməramlıların mandatına uyğun olaraq fəaliyyət göstərməməsi səbəbindən ermənilərin qanunsuz silahlı dəstələri yaranır, Ermənistan hərbçiləri Azərbaycan ərazisində qalırlar. Biri qanunsuz hərbi birləşmə, o biri isə işğalçı olduğu üçün Azərbaycan Ordusunun onların hər ikisinə qarşı hərbi əməliyyatlar keçirmək hüququ var. Bu baxımdan, onlar Azərbaycan torpaqlarında qaldıqları müddətdə “Qisas” əməliyyatına oxşar tədbirlərin keçiriləcəyi istisna edilmir.

Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev məlum sənədin 4-cü bəndinin icra edilməməsi ilə bağlı etirazını maraqlı tərəflərə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Bundan sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan öz aləmində bu maddədən doğan tələbin icrasını təhrif edərək bildirmişdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılacaq, Qarabağa hərbi xidmət üçün erməni çağırışçı göndərilməyəcək, ancaq “özünümüdafiə qüvvəsi qalacaq”, “bu birləşməyə çağırışlar keçiriləcək, habelə müqavilə əsasında könüllülər cəlb olunacaq”. Bu, Ermənistan hakimiyyətinin dünyanın gözünə kül üfürmək cəhdindən başqa bir nəsnə deyil. Qriqoryanın dediyindən belə çıxır ki, Azərbaycan ərazisində ermənilər silahlı qüvvə saxlayacaq. Bu dəfə ona “Qarabağdakı ermənilərin yaratdığı özünümüdafiə qüvvəsi” və “könüllülərdən ibarət dəstə” adını verirlər. Bu sayaq adlanma bütün hallarda Azərbaycan ərazisində qanunsuz silahlı birləşmə saxlamaq cəhdi, yaxud rəsmi İrəvanın imzaladığı kapitulyasiya aktının şərtlərinə əməl etməməsidir.

Başqa bir məsələni diqqətə çatdırmaq istərdik. Avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir nəfərin sağ ayağı amputasiya olunub. Ötən il noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs olmaqla Azərbaycanın 39 vətəndaşı həyatını itirib, 117 hərbi qulluqçu, 67 mülki şəxs olmaqla 184 vətəndaşı isə yaralanıb. Həmin minaları Ermənistan silahlı qüvvələrinin və ya havadarlarının vaxtı ilə basdırdığı ehtimalı daha çoxdur. Bəhs etdiyimiz qanunsuz silahlı dəstələrin və ya Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini yenidən minalamadıqlarına kim zəmanət verə bilər? Bu gün Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək üçün hay-küy salanlar rəsmi İrəvandan minalarla bağlı xəritənin rəsmi Bakıya verilməsini tələb etmirlər.

Azərbaycan dünyanın enerji ilə təmin olunmasında mühüm rol oynayır. Habelə ərazilərini işğalçılardan təmizləməklə bu kimi layihələrin reallaşmasına da şərait yaradıb. Azərbaycan bununla regional və qlobal təhlükəsizliyə töhfə verib. Ancaq onun ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyət göstərməsi, habelə onlara himayədarlıq, minalanmış ərazilərin xəritələrinin verilməməsi Cənub Qafqazda sülh və əməkdaşlığa qarşı çıxmaq deməkdir. Odur ki Azərbaycanın ötən gün keçirdiyi hərbi tədbir ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi və sabitliyi təhdid edənlərə qarşı əməliyyatdır.

Report