ABŞ-da istehlak qiymətlərinin kəskin azalması ilə bağlı məlumatların açıqlanmasından sonra dünən 2 %-dən çox artan qızılın qiyməti hazırda sabit qalır.
İnsider.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,07 % və ya 1,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 754,95 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,04 % artaraq 1 unsiyası 21,71 ABŞ dolları təşkil edib.
ABŞ-da oktyabr ayı üzrə illik inflyasiya ilə bağlı statistikanın açıqlanması ötən gün qızılın qiymətinə ciddi təsir göstərib. Belə ki, oktyabrda inflyasiya əvvəlki ay ilə müqayisədə 8,2 %-dən 7,7 %-ə enib, halbuki bu göstəricinin 8 % olacağı gözlənilirdi. Bununla belə, göstərici Federal Ehtiyatlar Sisteminin (FED) 2%-lik hədəf səviyyəsindən xeyli yuxarıda qalmaqdadır.