Ukraynada yaşananlar bəşəriyyəti ciddi sınaqlarla üz-üzə qoya bilər. Yaponiyanın “Şukan Gendai” nəşri bildirir ki, ABŞ münaqişədən bəhrələnərək dünyada hegemonluğunu saxlamağa çalışır. Nəşrin qənaətincə, qlobal ərzaq böhranı riski yalnız ABŞ-ın əlindədir. Bu ölkə taxıl bazarında nəzarəti ələ almağa çalışacaq.
İki aydan artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi insan tələfatı və dağıntılarla yanaşı, çoxsaylı problemlər də yaradıb. Sanksiyaların çökdürdüyü Rusiyada bahalaşma, işsizlik, inflyasiya sürətlə artmaqdadır. Problemlər Rusiya ilə yanaşı, digər ölkələrə də təsirsiz ötüşmür. Artıq əksər ekspertlər “müharibə planetdə aclığa səbəb ola bilərmi” sualına cavab axtarır, araşdırmalar hazırlayır, proqnozlar səsləndirirlər. Əksəriyyətin də gəldiyi nəticə budur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəinki ukraynalılara və ruslara ölüm gətirir, həm də bütün dünya üçün kəskin ərzaq böhranı və yoxsulluğun artması təhlükəsini yaradır.
Günəbaxan əvəzinə mina səpilib
Ola bilsin müharibə yaxın günlərdə başa çatsın. Lakin onun nəticələri hələ uzun müddət hiss olunacaq. Sanksiyalar ölkələrin iqtisadiyyatını məhv etməkdədir. Müharibədən əvvəl ərzaq bazarının əsas satıcılarından olan Rusiya və Ukrayna taxıl və bitki yağı ixracında aparıcı mövqelərə sahib idilər. İndi bu prosesdə ləngimələr baş verir, çünki Ukraynanın özündə ərzaq qıtlığı yaranıb, Rusiya donanması bu ölkənin taxıl limanlarını blokadaya alıb. Bundan sonra vəziyyət daha da pisləşəcək. Bu il məhsul olub-olmayacağı şübhə altındadır, çünki Ukraynanın münbit qara torpağına günəbaxan toxumu əvəzinə minalar və vurulmuş Rusiya tankları “səpilib”, traktoru olan fermerlər isə əkini buraxıb hərbi texnikaları sahədən çıxarmalı olurlar.
Yoxsul dövlətlər problemlərlə üz-üzə
Proqnozlar onu deməyə əsas verir ki, müharibə, ilk növbədə kasıb dövlətlərə - əhalisi ailə büdcəsinin böyük hissəsini ərzağa xərcləyən ölkələrə ciddi problemlər yaradacaq. Pandemiya və ötənilki quraqlığın mənfi təsirlərindən yenicə dirçəlməyə başlayan dünyada ərzaq qiymətləri müharibəyə qədər də xeyli yüksək idi. Hazırda isə bu qiymətlər son 32 ilin ən pik səviyyəsinə çatıb. Müharibə ucbatından kənd təsərrüfatı texnikası üçün yanacağın, dənizdə və quruda yükdaşımaların, kreditlərin, gübrələrin, saxlama xidmətlərinin qiyməti artıb. Həm insanlara, həm də mal-qaraya lazım olan taxılın miqdarı azaldığı üçün ət və digər ərzaq məhsulları bahalaşır. Lakin “Bruegel” tədqiqat mərkəzinin mütəxəssisləri əmindirlər ki, planetin aclıq təhlükəsi ilə üzləşmək qorxusu yoxdur. Onların qənaətincə, ən pis ssenaridə belə, planetin bütün əhalisinə yetəcək qədər qida tapılacaq.
Ən çox hansı ölkələrə ziyan dəyəcək?
İnkişaf etməkdə olan, quraqlıq zonalarda (Yaxın Şərqdə və Şimali Afrikada) yerləşən ölkələrdə vəziyyət daha ağır olacaq. Bu ölkələrin ərzaq tələbatının 90%-i idxal hesabına ödənir, onlara ən yaxın idxalçılarsa Ukrayna və Rusiyadır. “Bruegel”in araşdırmaçıları deyirlər ki, əsas qida məhsullarının bahalaşması humanitar böhranı və siyasi riskləri artıracaq. Qiymətlərin indiki həddə olduğu sonuncu belə vəziyyət “Ərəb baharı” ilə nəticələnmişdi. On il əvvəlki etirazlar və inqilablar dalğası Liviya, Tunis, Misir və Yəməndə hakimiyyət dəyişikliyi, Suriyada isə Rusiyanın da qoşulduğu müharibəyə səbəb oldu. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri bildirirlər ki, Rusiyanın Ukraynaya hücumunun dolayı qurbanları bu dəfə Misir, Hindistan, Tailand, Gürcüstan, Ermənistan, Cənubi Afrika, Livan və hətta Şri-Lanka ola bilər. Hazırda bu ölkələrdə vəziyyət daha ağırdır, çünki onlar Rusiya ilə ticarətdən ciddi dərəcədə asılıdırlar, turizmdən qazanırlar, Rusiyaya qarşı sanksiyaları pozmaqla Qərblə açıq konfliktə girmək istəmirlər və bütün bunlarla yanaşı, daxildə siyasi stabilliyə təhlükə yaradan iqtisadi böhranla üz-üzədirlər. Müharibəyə qədər Rusiyada işləyənlərin göndərdiyi vəsait Tacikistan və Qırğızıstan iqtisadiyyatının, təxminən dörddə birini, Özbəkistan və Ermənistanda isə ÜDM-in, demək olar, onda birini təşkil edirdi. Bu ölkələrin vəziyyəti çətin olacaq, amma aclıq təhlükəsi ancaq Əfqanıstan və Yəmən kimi ən yoxsul və münaqişəli dövlətlər üçün realdır.
Qlobal ərzaq böhranının yaranmasında maraqlı dövlət
Yaponiyanın “Şukan Gendai” nəşri isə bütün bunların fonunda maraqlı bir məqama toxunur. Bildirilir ki, ABŞ Ukrayna münaqişəsindən bəhrələnərək dünyada hegemonluğunu saxlamağa çalışır. Bu hegemonluğun aspektlərindən biri qlobal ərzaq bazarında hökmranlığa nail olmaqdır. Qlobal ərzaq böhranı riski yalnız onun əlindədir. ABŞ qlobal taxıl bazarında nəzarəti ələ almağa çalışacaq. Bütün bunların fonunda buğdanın qiymətinin qalxması bütün ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Nəşr qeyd edir ki, Yaxın Şərq və Afrikada real qıtlıq riski var və inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardımı ciddi şəkildə müzakirə etməlidir. Bununla belə, ərzaq problemi dövlətlərin milli təhlükəsizliyi ilə sıx bağlıdır və bir gecədə həll edilə bilməz.
Azərbaycanı nə gözləyir?
Sözsüz ki, münaqişə hər iki ölkə ilə sıx münasibətləri olan ölkəmizə də təsirsiz ötüşmür. Ötənilki məlumatlara əsasən, Azərbaycana Rusiyadan 780 min tondan çox taxıl idxal olunub. Yerli ekspertlər bildirir ki, Azərbaycanın 2 ilə yaxın taxıl ehtiyatı var. İndiki halda Ukraynadan taxıl almağımız mümkün deyil, alternativ yollar tapmalıyıq və tək çıxış yolu da Qazaxıstandır. Bu səbəbdən də, Qazaxıstanla uzunmüddətli müqavilələr bağlanılması məqbul variantdır. Azərbaycanda bitki yağları ilə bağlı daha çox problem yarana bilər. Ölkəmizdə günəbaxan və qarğıdalı yağlarının qiymətinin bahalaşmasının şahidi ola bilərik. Tikinti bazarında da qiymət dəyişib və proses davam edəcək. Rusiyadan gələn tikinti materialları artıq bahalaşıb. Fermerlər uzun illərdir məhsullarını Rusiya bazarına çıxardırlar. Rusiya bazarından qazandıqları gəlir hesabına növbəti əkin-biçin mövsümünə hazırlıq görürdülər. Azərbaycan fermerləri Rusiya bazarına mal çıxara bilməsələr, kənd təsərrüfatında da problemlər yarana bilər.
Kaspi