qonsu-dovletde-eyni-anda-uc-virusun-epidemiyasi-basladi

Qonşu dövlətdə eyni anda üç virusun epidemiyası başladı

Rusiyada tridemiya başlayıb. Bu termin üç virusun eyni vaxtda yayılmasına aiddir. Hazırkı vəziyyətdə söhbət koronavirus, kəskin respirator virus infeksiyaları (KRVİ) və qripdən gedir.

Bu barədə “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) və Smorodintsev adına Qrip Elmi-Tədqiqat İnstitutunun məlumatlarında bildirilib.

Mütəxəssislərin sözlərinə görə, eyni anda üç infeksiyaya yoluxmaq mümkündür, lakin bu, çox nadir hallarda olur, ardıcıl yoluxma ehtimalı daha yüksəkdir. Bu, mövcud bir xəstəlik nəticəsində immunitet sisteminin zəiflədiyi hallarda baş verir. Belə vəziyyətdə orqanizmə yeni bir virusla mübarizə aparmaq və xəstəliyin təkrarlanmasına müqavimət göstərmək daha çətin olur.

Hazırda ölkədə bu viruslar arasında “A” qripi (H3N2/Honkonq qripi də deyilir) daha geniş yayılıb.

Qeyd olunub ki, hazırda yoluxma səviyyəsi normadan 83 faiz çoxdur və artmağa davam edir.

Qurumdan yoluxmanın fevral-mart aylarında azalacağı ehtimal edilib.