Aerokosmik və müdafiə sənayesində çalışan “United Technologies” və “Raytheon” bərabər əsaslarda birləşmə barədə razılığa gəliblər. İnsider.az bu barədə xəbəri “Kommersant”-a istinadla çatdırır.
Sövdələşmə nəticəsində bazara müdafiə müəssisələrinin mənfəət səviyyəsinə görə dünyada ikinci yeri tutacaq “Raytheon Technologies” şirkəti çıxacaq. İki şirkətin 2019-cu ilə olan proqnozlarına görə, müştərək gəlir həcmi təxminən 74 milyard dollar təşkil edəcək.
Anlaşma şərtlərinə görə, “United Technologies”-in səhmdarları birləşmiş şirkətin 57% səhmlərinə sahib olacaqlar, yerdə qalan 43% isə “Raytheon” səhmlərinin indiki sahiblərinə çatacaq.
Yeri gəlmişkən, birləşmə lehinə hər iki istehsalçının direktorlar şurası səs verib. İndi sövdələşmənin bitməsi üçün tərəflərə tənzimləyicilərin və səhmdarların təsdiqi, həmçinin “United Technologies”-in iki əsas biznesi olan “Otis” lift və “Carrier” kondisioner istehsalının sərbəst strukturlara ayrılmasını yekunlaşdırmaq lazımdır. Bu, 2020-ci ilin ilk yarısında baş tutmalıdır. Elə tərəflər də birləşmə prosesini o vaxta yekunlaşdırmağı düşünürlər.
Qeyd edək ki, birləşmiş şirkətin direktorlar şurası 15 yerdən ibarət olacaq, onlardan səkkizi “United Technologies”-ə çatacaq. Yeni firmanın rəhbəri vəzifəsini “United Technologies”-in sədri Qreq Heys, idarə sədri vəzifəsini isə “Raytheon”-un direktorlar şurası sədri və baş icraçı direktoru Tomas Kennedi tutacaq.
Samirə Məmmədova