“Renault” avtomobil istehsalat qrupu və “Fiat Chrysler Automobiles” (FCA) konserni mümkün birləşmə barədə danışıqlar aparırlar. İnsider.az bu barədə “Wall Street Journal”-a istinadla xəbər verir.
Xəbər verilir ki, tərəflər bazar günü birləşmənin mümkün nəticələrini müzakirə ediblər. Üstəlik, artıq bazar ertəsi günü onlar elektrokarların texniki təkmilləşdirilməsi və avtomobil istehsalı üçün platformalarla bağlı sahələrdə əməkdaşlıq barədə elan edə bilərlər.
Qəzetin məlumatına görə, şirkətlər öz növbəsində ildə 9 milyonadək minik avtomobil və pikap istehsal edən ümumi dəyəri təxminən 37 milyard dollar olan müəssisənin yaradılmasına gətirib çıxaracaq paritet əsaslarda birləşmə barədə elan edə bilərlər. Qeyd olunur ki, bu müştərək müəssisə təkcə “Volkswagen” və “Toyota”-dan geri qalaraq, dünyada avtomobil istehsalı üzrə üçüncü yer tutacaq.
Mənbələrin digər məlumatına görə, şirkətlər digər variantı da - sonradan birləşməni həyata keçirmək üçün səhm mübadiləsi imkanını - nəzərdən keçirirlər. “Renault” direktorlar şurası bazar ertəsi toplana bilər, lakin hal-hazırda tərəflərin razılığa gələ biləcəklərinə dair zəmanət yoxdur.
Samirə Məmmədova