rus-bolmeleri-ile-bagli-yenilik-fenlerden-biri-azerbaycanca-tedris-edilecek

Rus bölmələri ilə bağlı yenilik - Fənlərdən biri azərbaycanca tədris ediləcək

Azərbaycanın orta ümumi təhsil məktəblərinin rus bölməsində Azərbaycan tarixi fənninin bundan sonra dövlət dilində tədris olunacağı ilə bağlı məlumatlar yayılıb. 

Artıq bununla bağlı bəzi məktəblərə tapşırıq verilib. Paytaxtda Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə rus bölməsinin 5-ci siniflərində bu prosesə başlanıldığı bildirilir. Şagirdlərə sözügedən fənnin dərslikləri rus dilində paylansa da, sonradan onların dəyişdirilərək Azərbaycan dilində kitablarla əvəzlənəcəyi bildirilib. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində  Azərbaycan tarixi fənni dövlət dilində tədris ediləcək: 

“Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır. Cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək”.

Qeyd edək ki, bu tədris ilinədək məktəblərin rus bölmələrində Azərbaycan tarixi fənni rus dilində tədris edilirdi.

Qafqazinfo