“Qazprombank”: “Azərbaycanın qeyri-neft-qaz ixracının artması manata təzyiqi azaldır”
Azərbaycanın qeyri-neft-qaz ixracının artması yerli bazarda daha çox xarici valyuta təklifini təmin edir, manata daha az təzyiq göstərilməsinə səbəb olur.
Bunu “Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib.
Onun sözlərinə görə, bunu Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) həftəlik hərraclarında satışın aşağı həcmdə olması göstərir.
2022-ci ilin 10 ayı ərzində qeyri-neft-qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
G.Xaydarşina qeyd edir ki, Azərbaycanın valyuta bazarında vəziyyət sabitdir və ARDNF tərəfindən keçirilən hərraclarda xarici valyuta satışının həcmi orta olaraq qalır.
“Azərbaycan: Xarici risklər fonunda iqtisadiyyatın regional əhəmiyyəti” adlı hesabatımızda qeyd edildiyi kimi, Azərbaycan xarici geosiyasi risklərin kəskinləşməsi fonunda yüksək karbohidrogen qiymətlərinin benefisiardır. “OPEC+” razılaşmasına əməl olunması, karbohidrogenlərə qlobal tələbatın bərpası və Çində karantin məhdudiyyətlərinin yumşaldılması fonunda ilin əvvəlindən “Brent” markalı neftin 1 barelinin orta qiyməti 100 ABŞ dollarına yaxınlaşıb”, - o vurğulayıb.
Məsələn, dekabrın 13-də Azərbaycanda valyuta satışı 53,7 milyon ABŞ dolları təşkil edib. Bu da büdcə xərclərinin ən yüksək həddə çatdığı 2021-ci ilin dördüncü rübünün orta göstəricisindən düz 37,1 % azdır.
G.Xaydarşina xatırladıb ki, çərşənbə axşamı günü bu göstərici 2020-ci ilin martından, yəni COVID-19 pandemiyası başlamamışdan bəri qeydə alınan maksimal səviyyədən (323,2 milyon ABŞ dolları) 6 dəfə aşağı olub: “Bu, monetar şərtləri sərtləşdirmədən beynəlxalq ehtiyatların artırılmasına və valyuta bazarında tarazlığın saxlanmasına şərait yaradır”.
Report