İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Ölkələrimiz arasında imzalanmış 260-dan çox sənədin münasibətlərimizin çoxistiqamətli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi dinamik artır. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib. 2022-ci illə müqayisədə ötən il qonşu ölkə ilə ticarət dövriyyəsi 17 faiz artıb. Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda ölkələrimizin işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənir. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət dövriyyəsinin həcmini daha da artıra bilər.
Qeyd olunub ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları biznes dairələri arasında qarşılıqlı faydalı işbirliyinin qurulmasında mühüm platformadır. Ölkəmizdə yaradılmış inklüziv biznes mühiti barədə məlumat verilib. Qeyd olunub ki, sahibkarlar sənaye zonaları, Ələt azad iqtisadi zonası, işğaldan azad edilmiş ərazilərimizdə təklif olunan biznes imkanlarından yararlana bilərlər. Diqqətə çatdırılıb ki, Rusiya ilə ticarət, nəqliyyat, sənaye, turizm, ətraf mühitin qorunması, kənd təsərrüfatı, gömrük və digər istiqamətlər üzrə tərəfdaşlığın inkişafı üçün böyük potensial var.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən qarşılıqlı ticarətin artan tendensiyası, birgə istehsal və digər sahələr üzrə səmərəli əməkaşlığa dair göstəriciləri müsbət qiymətləndirib. Vurğulanıb ki, qeyri-neft sənayesi üzrə birgə layihələr uğurla həyata keçirilir. Nümayəndə heyətləri arasında mütəmadi olaraq keçirilən görüşlərin və tədbirlərin əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib. Maksim Reşetnikov tərəfdaşlığın inkişaf etdirilməsi imkanları və bu sahədə təşəbbüslər haqqında düşüncələrini bölüşüb.
Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə Yol Xəritəsinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər ticarət, nəqliyyat, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi və digər məsələlər haqqında müzakirələr aparıblar.
14:08
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.
Bu barədə M.Cabbarov “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə iqtisadi sahədə birgə fəaliyyətlə bağlı məsələlər müzakirə edilib.