Bakı Fond Birjası ölkəmizdə rəsmi səfərdə olan Rusiya maliyyə bazarının tanınmış nümayəndələri ilə silsilə görüşlər təşkil edir.
Belə görüşlərdən biri 6 iyun 2024-cü il tarixində ADA Universitetin tələbələri üçün “Maliyyə Bazarlarının İnfrastrukturu” mövzusunda təşkil edilmiş tədbir oldu.
Rusiya fond bazarının banilərindən biri, Maliyyə Bazarı Şurasının sədri, “Investment Partners” şirkətinin sahibi, “NP RTS” Assosiasiyasının Direktorlar Şurasının sədri, “Alor” Şirkətlər Qrupunun təsisçisi Qavrilenko Anatoliy Qriqoryeviç tələbələr qarşısında çıxış edib. Məruzəçi Rusiyannın müasir maliyyə bazarının yaranma tarixi və onun inkişaf mərhələləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Rusiyanın maliyyə sektorundakı təcrübə proqramlarını və təqaüdlərini vurğulayan Qavrilenko Anatoliy Qriqoryeviç tələbələrə maliyyə, investisiya və əlaqəli sahələrdə uğurlu karyera qurmağın onların özlərinin, xüsusən də ölkə iqtisadiyyatının inkişafına müsbət təsirindən danışdı.
Görüşdə, həmçinin “Investment Partners” şirkətinin baş direktoru Timofeyev Dmitri Nikolayeviç, Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov və İdarə Heyətinin sədri Ruslan Xəlilov tələbələrin qarşısında çıxış edib.
Tədbirin keçirilməsində məqsəd kapital bazarına marağı olan tələbələrə qlobal və yerli kapital bazarları, beynəlxalq təcrübələr, müxtəlif yerli və xarici investisiya alətləri haqqında ətraflı məlumat vermək olub.
Tələbələrin böyük marağına səbəb olan tədbir, onların maliyyə sahəsindəki nəzəri biliklərini bir növ “ilkin mənbədən” əldə etdikləri hərtərəfli və faydalı məlumatla zənginləşdirərək, onlara gələcək karyeralarında investisiya sahəsində yeni yollar göstərib.