Rusiyanın energetika naziri Aleksandr Novak ABŞ ilə Çin arasındakı ticari gərginlik nəticəsində neft tələbatındakı artımın bu il sutkada 1 milyon barrelə düşəcəyini deyib.
İnsider.az xəbər verir ki, A.Novak Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumundakı çıxışında dünya neft bazarını qiymətləndirib.
Qarşıdakı dövrdə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrinin nümayəndələrinin görüşünün keçiriləcəyini xatırladan nazir deyib: “Son danışıqlarımıza uyğun olaraq, bu görüşün iyulun 2-4-də Vyanada keçirilməsi barədə qərar qəbul etmək niyyətindəyik”.
OPEC-lə əməkdaşlıq sayəsində bazarda balansın yarandığını deyən rusiyalı nazir qeyd edib: “Hər gün bazarlarda ticarət gərginliklər haqqında yeni xəbərlər eşidirik. Bu da bazarda narahatlıq yaradır”.
“İlkin hesablamalara görə, bu il neft tələbatının gündəlik 1,3-1,4 milyon barrel artacağı gözlənilir. Lakin ABŞ ilə Çin arasındakı ticari gərginlik nəticəsində neft tələbatındakı artım bu il sutkalıq 1 milyon barrelə düşə bilər bu, ciddi bir qeyri-müəyyənlikdir”, - deyə A.Novak bildirib.
© Azərtac