Rusiya Federasiyası prezidenti Vladimir Putin OPEC+ ölkələri neft hasilatının azaldılmasına dair sövdələşmənin 6 və ya 9 ay uzadıla biləcəyini bildirib.
İnsider.az xəbər verir ki, G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü barədə danışan Rusiya lideri OPEC+ sövdələşməsinin gələcəyinə dair ortaq mövqe razılaşdırdıqlarını, OPEC+ çərçivəsindəki razılaşmanın müddətini neft hasilatının indiki həcm qədər azaldılması ilə uzadılmasına çalışacaqlarını diqqətə çatdırıb.
Xatırladaq ki, OPEC üzvü və bir sıra qeyri-üzvü olan ölkələr (OPEC+) arasında neft hasilatının azaldılmasına dair razılaşma 2017-ci ilin əvvəlindən qüvvədədir. 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısında başa çatır.
Bu razılaşmanın uzadılması, habelə hasilatın azaldılması ilə bağlı kvotalar məsələlərinə iyul ayının 1-2-də Vyanada keçiriləcək OPEC+ nazirlər görüşündə müzakirə olunacaq.
Hazırda Azərbaycan öz kvotası çərçivəsində hasilatı 2,5 faiz, yəni gündəlik 20 min barel azaldıb.
©Report