sabah-abseronda-qar-yagmasi-gozlenilir

Sabah Abşeronda qar yağması gözlənilir

"Bu gün ərzində ölkə ərazisində Aralıq dənizi siklonunun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılı hava müşahidə edilir”.

Bunu Millli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, saat 12-yə olan məlumata görə, gecə  saatlarından yağan qar respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün yaranmasına səbəb olub: “Ən yüksək qar örtüyü Qax rayonunun dağlıq  ərazilərində müşahidə edilib. Burada qar 40 sm-dən artıq olub. Şəki, Gədəbəy, Göygül, Daşkəsən, Oğuz, Şəki, Quba, Altıağac, Ordubad, Qəbələ, Qusarda qar örtüyünün hündürlüyü 2 sm-dən 15 sm-dək müşahidə edilib. Gün ərzində respublikanın əksər rayonlarında yağıntılar davam edəcək və axşama doğru, ayın 20-də, hətta respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır”.

U.Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir: “Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır”.