Aprelin 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.