Azərbaycan ərazisində aprelin 14-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Əsasən, şimal və qərb rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.