Günümüzdə insan anatomiyası və sağlamlığı barədə bir çox şey məlumdur, tədqiqatların nəticələri də hər kəs üçün əlçatandır. Lakin qarşısı alına biləcək səbəblərdən ölənlərin sayı hələ də çoxdur: buna təsir edən əsas amillər yanlış qidalanma, fiziki aktivliyin az olması və bu iki "zəifliyin" doğurduğu problemlərdir.
Görünür, elmin bizə hədiyyə etdiyi biliklərdən hər kəs istifadə etmir.
Sağlamlıq haqqında bilməli olduğumuz faktların siyahısını təqdim edirik:
1. Şəkər siqaret qədər zərərlidir
Şəkərin həddən artıq çox istifadəsi siqaret çəkmək kimi, ürək-damar sisteminə təsir edir, insult riskini artırır və hətta bəzi xərçəng növlərinin inkişafına səbəb olur.
Gün ərzində ən çox 6-7 qaşıq istifadə etdikdə, təhlükə xeyli azalır. Amma hansımız bunu edirik? Məsələn, çay və qəhvəni şəkərsiz içsək də, eyni zamanda, rasionumuza müxtəlif içki, sous, şirniyyat və şəkər dozası yüksək olan digər məhsullar daxil etməklə böyük miqdarda şəkər istifadə etmiş ola bilərik.
2. Aktivlik uzun ömrün açarıdır
Müasir həyat ritmində fiziki aktiv qalmaq (daha çox gəzmək, idman zalına getmək və qrup şəklində məşqlərə qatılmaq) hər kəsdə alınmır. Lakin orqanizmimiz üçün bunun nə dərəcədə zəruri olduğunu təsəvvür belə etmirsiniz. Bu yaxınlarda aparılan tədqiqat sübut edir ki, aktiv və passiv insanların arasında ölüm riskindəki fərq 80 faizə çata bilər. Siqaret çəkənlər, diabet və ürək xəstəliyi olanlarda da ölüm riskinin faizi eyni dərəcədə yüksəkdir.
Passivlik daha bir problem yarada bilər - piylənmə. Bu, dünyada ölüm faizini artıran əsas amillərdəndir və bir çox xəstəliklərə səbəb olur. Fiziki məşqlər dərman şəklində satılsaydı, həkimlərin ən çox yazdığı preparat olardı.
3. Optimizm sağlamlığa müsbət təsir edir
İnsanlar yaşlandıqca daha pessimist olurlar. Bəlkə də, bunun öz səbəbləri var. Lakin sağlamlıq naminə optimistliyi qorumaq lazımdır. Tədqiqatlar sübut edir ki, optimistlər öz sağlamlıqları barədə daha çox bilirlər, daha sosialdırlar, xəstəlik və çətinliklərlə daha rahat mübarizə aparırlar. Tez-tez gülmək ürək-damar xəstəlikləri riskini də azaldır.
4. Gün ərzində hətta 10 dəqiqə məşq etmək orqanizmə ciddi təsir göstərir
Gündə cəmi 10 dəqiqə məşq etməklə siz çəkinizə nəzarət etmək, əzələ yığmaq və oynaqları qorumaqla yanaşı, stressə davamlılığınızı da artıracaqsınız.
5. Yumşaq torpaq və ya qaçış trenajorunda qaçmaq daha yaxşıdır
Yumşaq yerdə qaçmaq daha rahatdır. Bu, oynaq və onurğa travması almaq ehtimalını azaldır. Lakin ümumi bərkimə üçün arada möhkəm yerdə də qaçmaq faydalıdır.
6. Gəzmək qaçmaqdan pis deyil
Əgər hər hansı bir səbəbdən sizə qaçmaq çətindirsə, daha çox piyada gəzməklə kifayətlənə bilərsiniz. Vaxtın olmaması, sadəcə, bəhanədir: məsələn, bir dayanacaq tez düşüb piyada getmək, liftdən imtina etmək olar. Variantlar çoxdur, əsas tənbəllik etməməkdir.
7. 90 dərəcə düz oturmaq kürəyə mənfi təsir göstərir
Qamət haqqında düşünməsəniz, çətin ki, düz oturasınız, daha çox sizə rahat olduğu kimi oturacaqsınız. Yəni "qaydasında" oturmaq üçün siz gərginləşirsiniz. Zamanla bu, ağrılara səbəb olacaq, qaməti isə fitnes, yoqa və başqa üsullarla düzəltmək mümkündür.
8. Meditasiya istirahətdən daha yaxşıdır
Adi istirahət, sözsüz ki, sizin əhvalınızı xeyli düzəldəcək, lakin bu, çox qısamüddətli effekt verəcək. Çoxsaylı tədqiqatlar sübut edir ki, meditasiya daha uzunmüddətli müsbət nəticə verir. Bu işdə yeni olanlarda dəyişiklik daha gözəçarpandır.
9. Biz soyuqdan soyuqlamırıq
Belə bir mif mövcuddur ki, soyuqdəymə orqanizmin həddindən artıq soyumasının nəticəsidir, amma bu, belə deyil, soyuqdəyməyə səbəb virusdur. Sadəcə, soyuq vaxtlarda onun yayılması üçün mühit daha əlverişlidir: otaq və nəqliyyat vasitələrinin havası dəyişdirilmir və virus rahat şəkildə insandan insana ötürülür.
Yeri gəlmişkən, KRVİ (Kəskin respirator virus infeksiyaları) müalicə olunmur: antibiotiklər viruslara qarşı təsirsizdir, alternativ təbabətin effektivliyi də sübut olunmayıb. Edə biləcəyimiz yeganə şey simptomlarla mübarizə apararaq, öz vəziyyətimizi yüngülləşdirməkdir.
10. Ürək-damar xəstəlikləri xərçəngdən daha qorxuncdur
Adətən, sağlam insanlar ürəklə bağlı problemlərdən çox, xərçəngdən qorxurlar, lakin statistik məlumatlara əsasən, ürək xəstəliklərindən ölmək riski qat-qat yüksəkdir. Xoşbəxtlikdən biz bu xəstəliklərin profilaktikası haqqında çox şeyi bilirik: yenə də fiziki aktivlik, sağlam qida, zərərli vərdişlər və alkoqoldan imtina.
11. Sizin yuxunuzun keyfiyyəti yatdığınız döşəkdən asılı ola bilər
Tədqiqatlar göstərir ki, sərt döşək bədənin bud, çiyin hissələrinə təzyiq göstərərək, nəticədə, kürək və boyun nahiyəsində ağrılara səbəb olur.
12. Yaşlandıqca beynimizin ölçüsü azalır
60-70 yaşından sonra neyronların itirilməsi əqli bacarıqların azalmasına və yaddaş zəifləməsinə səbəb olur. Bu proses qarşısıalınmazdır, lakin onu yavaşlatmaq olar. Zərərli vərdişlərdən imtina, bədənin yaxşı formada saxlanılması, eləcə də, yüngül beyin məşqləri (krossvord həlli və ya sadəcə kitab mütaliəsi) burada müsbət təsir göstərə bilər.
13. Tərləmə kalori və piyi əritmir
Tər orqanizmin bədənin yüksək temperaturuna göstərdiyi reaksiyasıdır və sadəcə, su ilə duzları bədəndən çıxarır. Artıq çəki və ya yaxşı fiziki hazırlıq tərləməni artırır. Düzdür, itirdiyiniz maddələr sayəsində bir balaca çəki atacaqsınız, lakin adi su içməklə hər şey əvvəlki halına qayıdacaq. Piy, əsasən, nəfəs vasitəsilə çıxır.
14. Piyin müəyyən nahiyədə əridilməsi mifdir
Piyin müəyyən nahiyədə əridilməsi üçün edilən məşq və pəhrizlər digərlərindən fərqlənmir, yəni bütün bədənə təsir edir. Piylərin harada yığılması barədə qərarı orqanizmimizin özü verir, biz buna təsir göstərə bilmərik. Bud və qarnınızın arıqlamasını istəyirsizsə, bütövlüklə arıqlamalısınız.
15. Yağın miqdarı az olan məhsullar arıqlamağa kömək etməyəcək
Əgər yeməkdə yağ azdırsa, çox güman ki, onun ya şəkəri, ya duzu çoxdur. Bu isə vəziyyəti daha da korlayır. Əks təqdirdə bütün zərərli yeməklər bu qədər dadlı olmazdı. Yağın özü insanı kökəltmir, səbəb onda olan kalorilərin çoxluğu, nizamlanmış pəhrizin olmaması və fiziki passivlikdir.
Məhsullarda kifayət qədər yağın olması insanı doydurur və biz uzun müddət acmırıq. Bəzi yağlı məhsullar isə arıqlama prosesində kömək də edir. Məsələn, yumurta, zeytun yağı, süd məhsulları, qoz və avokado.
16. Gündə səkkiz stəkan su içmək lazım deyil
Alkoqoldan başqa, istənilən içki bizə su verir. Suyun gündəlik normasını adi rasionumuzdan ala bilərik. Yalnız intensiv məşqlər zamanı çox su itirildiyindən daha çox mayeyə ehtiyac olur. Öz orqanizminizə qulaq asın: istədiyinizdən artıq su içsəniz, siz sadəcə olaraq ayaq yoluna daha çox getməli olacaqsınız.
17. Təbii olması sağlam və ya faydalı olması demək deyil
Çoxları üçün "kimyəvi" və "sintetik" sözləri çəkinməli olduqları bir şeyi xatırladır. Lakin özümüz daxil, ətrafımızdakı hər şey kimyəvi maddələrdən ibarətdir. Onlardan bəziləri tamamilə təhlükəsiz və hətta faydalıdır, bəziləri isə zərərli. Belə ki, təbii bitkilərdən alınan əlavələr laboratoriya tədqiqatları nəticəsində alınanlardan daha zərərli ola bilər. Məsələn, sintetik vanilin təbii vanilindən geri qalmır, istehsalı isə qat-qat ucuz başa gəlir.
Oxu.Az