sagliq-zirvesi-nde-novbeti-gorus

"Sağlıq Zirvəsi"ndə növbəti görüş

3-5 Noyabr tarixlərində Türkiyədə "Qara dənizin incisi" adlanan Samsun şəhərində keçirilən "Samsun İkiztepe Sağlık Zirvesi" bu gün də öz işini davam etdirib. Bu gün tədbirdə iştirak edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHISTA) sədri Ruslan Quliyev başda olmaqla, ölkəmizi təmsil edən nümayəndə heyətinin bir qrup üzvü Samsun vilayəti sağlıq müdiri Dr.Muhammet Ali Oruç ilə rəsmi görüş keçirib.

İnsider.az xəbər verir ki, keçirilən görüşdə sağlamlıq turizmi sahəsində qarşılıqlı əməkdaşlıq, həkim təcrübəsi mübadiləsi, ölkəmizin mövcud və potensial turistik imkanları müzakirə edilib.

AHISTA sədri R.Quliyev Türkiyə nümayəndə heyətinə Qarabağ ərazinin minalardan təmizlənmə istiqamətində aparılan işlərdən, Azərbaycanın unikal Naftalan neftinin faydaları barədə danışıb. Görüş zamanı turizm və əsasən də sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişafında vacib amillərdən birinin də Samsun şəhərinə birbaşa reyslərin təşkilinin olduğu bildirilib.

Görüşün sonunda R.Quliyev Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin adından Samsun qubernatoru Zülfik Dağlı və Samsun vilayəti sağlıq müdiri Dr.Muhammet Ali Oruça xatirə plaketlərini təqdim edib.

Səbinə Səmidxan