İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.
İnsider.az nazirliyə istinadən xəbər verir ki, sentyabrın 24-də bu istiqamətdə işgüzar forum Pirallahı rayonunda keçirilib.
Sahibkarlığın maarifləndirilməsinə və güzəştli kreditləşdirilməsinə dair Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl sektorun, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verən Sahib Məmmədov Sahibkarlığln İnkişafı Fondunun Bakıətrafı qəsəbə və kəndlərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Nazir müavini sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, startapların dəstəklənməsi üçün Fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib.
İşgüzar forumda Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tekstil, çörək və şirniyyat istehsalı müəssisələrinin, logistik mərkəzin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Forum çərçivəsində Bakının qəsəbə və kəndlərində fəaliyyət göstərən sahibkarlara 2,6 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər əkinçilik, quru süd istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması və s. sahələrə yönəldiləcək və 60-dan çox iş yerinin açılması imkanı yaradacaq.