sahibkarlara-hansi-subsidiyalar-verilir-nazirlikden-cavab

Sahibkarlara hansı subsidiyalar verilir? – Nazirlikdən cavab

Son illər neftin qiymətinin düşməsi fonunda ölkədə qeyri-neft sektoruna diqqət artdı. Xüsusən də, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi prioritet məsələyə çevrildi. 

Bəs bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı subyektlərinə hansı növ qrantlar, subsidiyalar verilir, 1 hektar sahə üçün nə qədər maliyyə yardımı və ya güzəştlər nəzərdə tutulur?

İnsider.az-ın sorğusuna Nazirlik tərəfindən cavab olaraq bildirilir ki, aqrar sahəyə göstərilən birbaşa dövlət dəstəyinin forma və növləri aşağıdakılardır:

•    Yanacaq və motor yağlarına görə: hər hektara 50 manat;
•    Buğda və çəltik əkininə görə: hər hektara 40 manat;
•    Təkrar əkinlərə yanacaq və motor yağlarına görə: hər hektara 50 manat;
•    Pambıq satışına görə: hər kiloqramına 0,10 manat;
•    Tütün satışına görə: quru tütünün 1 kq-na, yaş tütünün hər 10 kq-na 0,05 manat;
•    Şəkər çuğunduru satışına görə: hər tonuna 4 manat;
•    Barama satışına görə: hər kiloqramına 5 manat;
•    Mineral gübrələrin güzəştli satışına görə: hər hektar əkin sahəsi üçün satılan gübrəyə 70% güzəşt, ödənilən məbləğin yuxarı həddi 150 manat; 
•    Pestisidlərin güzəştli satışına görə: hər hektar əkin sahəsi üçün satılan pestisidlərin qiymətinə 70% güzəşt , yuxarı həddi 50 manat;
•    Sənaye üsulu ilə istehsal edilmiş biohumusun güzəştli satışına görə: hər hektar əkin sahəsi üçün satılan biohumusun qiymətinə 70% güzəşt, ödənilən məbləğin yuxarı həddi 150 manat;
•    Texnikaların güzəştli satışına görə: ilkin dəyərinin 20% ödənildikdə, büdcə vəsaiti hesabına ilkin dəyərinin 40% həcmində güzəşt edilir;
•    Suvarma sistemləri dəsti və avadanlığının güzəştli satışına görə: ilkin dəyərinin 20% ödənildikdə, büdcə vəsaiti hesabına ilkin dəyərinin 40% həcmində güzəşt edilir;
•    Damazlıq heyvanların güzəştli satışına görə: idxal olunan damazlıq heyvanlar 60% güzəştlə satılır;
•    1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərin satışına görə: subsidiyanın məbləği təsdiq olunmuş kvota əsasında müəyyən edilir;
•    Elmi-tədqiqat təşkilatlarına orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərin ödənilməsinə görə: istehsal xərcləri büdcə vəsaiti hesabına ödənilir;
•    Süni mayalanma yolu ilə alınmış buzova görə: hər buzova 100 manat;
•    Arı ailəsinin (pətəyinin) saxlanmasına görə: hər arı ailəsinə görə ildə 10 manat

Subsidiyalarla bağlı əlavə məlumat üçün http://www.agro.gov.az/subsidiyalar linkinə keçid etmək olar.

Maliyyə yardımı və ya güzəştlər əldə etmək mexanizmi necədir?

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti ilə verilən güzəştli kreditlərdən fermerlər faydalana bilərlər. Kreditlər AKİA-nın müvəkkil kredit təşkilatları (hazırda 16 bank və bank olmayan kredit təşkilatı) vasitəsilə verilir. Kiçik, orta və irihəcmli olmaqla, 3 həddə verilən kreditlərin maksimum faizi illik 7%-dir. 

AKİA kreditləri haqqında daha ətraflı http://akia.az/az/kreditler linkindən məlumat almaq olar.

Bundan başqa, AKİA-nın həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində Dünya Bankının təqdim etdiyi vəsaitlərlə güzəştli kreditlər verilir. Maksimum məbləği 500 min ABŞ dolları olan bu kreditlər də müvəkkil banklar vasitəsi ilə verilir.

Nazirlikdən bildirildi ki, AKİA fermerlərə texnika və damazlıq heyvanın güzəştli şərtlərlə satışını maliyyələşdirir. İstədiyi təchizatçıdan texnika və damazlıq alması barədə müqaviləsi və AKİA müvəkkil kredit təşkilatlarındakı bank hesabındakı ödəməni təsdiqləyən sənədləri olan fermer AKİA sədrinin adına müraciət ərizəsi yazmaqla, texnika dəyərinin 40%-ni, damazlıq heyvan dəyərinin 60%-ni dövlət vəsaiti hesabına ödəyə bilər. Texnika və heyvanı kreditlə almaq istəyən şəxsin götürdüyü 7%-lik güzəştli kreditin faizləri dövlət tərəfindən ödənilir.

Şəfa Tapdıq