sahibkarligin-inkisafi-fondu-ve-bank-respublika-regionlarda-qadin-sahibkarlar-ucun-telimler-teskil-e

Sahibkarlığın İnkişafı Fondu və Bank Respublika regionlarda qadın sahibkarlar üçün təlimlər təşkil edib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və ölkənin aparıcı banklarından biri olan Bank Respublika, regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün birgə təşkil etdiyi “Biznesin incəlikləri” adlı layihəni uğurla başa vurub.

Layihə çərçivəsində keçirilən təlimlərdə Bankın və Fondun əməkdaşları qadın sahibkarları güzəştli kreditlər, ilkin kapital mənbələri, gəlir və xərclər, reklam, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Gəncə şəhərində baş tutan tədbirdə Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xaliyev və “Bank Respublika” İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək, qadınların sahibkarlığın inkişafındakı rolunu qeyd edib. Tədbir iştirakçılarına qadınların sahibkarlıq fəaliyyətlərinə dəstək verilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.

Qeyd edək ki, çox sayda qadın sahibkarın iştirak etdiyi təlimlər oktyabr-noyabr aylarında Xaçmaz, Masallı, Şəki və Gəncə şəhərlərində keçirilmişdir. Layihə qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsi və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənib.

Verilən məlumata əsasən, Bank gələcəkdə də ölkəmizin digər regionlarında faəliyyət göstərən qadın sahibkarlara dəstək olacaq layihələr həyata keçirməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.