saimon-ahmed-chelebi-nin-hedefi-yeni-stereotipler-yaratmaqdir

Saimon Ahmed: “CHELEBI”-nin hədəfi yeni stereotiplər yaratmaqdır

Yaranma ideyası rəssam Fərid Rəsulova məxsus olan “CHELEBI” şirkətinin adı rəngarəng xalçaları ilə məşhur olan və ölkənin şimal-qərbində yerləşən Qarabağ bölgəsinin mənzərəli Çələbilər kəndindən alıb. “Çələbi” Qarabağ xalçası məktəbinin məşhur dizaynlarından və Azərbaycanda Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Şirkət 2013-cü ildən Bakıda fəaliyyət göstərir.

İnsider.az mebel, keramika, yastıq, müxtəlif parça növləri və aksessuarları əhatə edən tam çeşidli məhsullar təklif edən “CHELEBI” şirkətinin icraçı direktoru Saimon Ahmed ilə müsahibəni təqdim edir. 

- “CHELEBI” şirkəti artıq 5 ildir ki, fəaliyyət göstərir və yetərincə məşhurdur. Şirkət və brend haqqında heç bir məlumatı olmayan insana qısa olaraq “CHELEBI”-ni necə təqdim edərdiniz?
- “CHELEBI” şirkəti şərq və qərb mədəniyyəti və tarixini birləşdirən körpüdür. Fikrimi izah edim -  biz XVII əsr Fransız stul formasının üzərinə Azərbaycan rəssamı Arif Hüseynovun əsərindən motivləri yerləşdiririk, bununla da iki ölkənin tarixini, mədəniyyətini əlaqələndiririk. Bu əlaqələndirmə şirkətin təqdim etdiyi bütün məhsullarda təzahür edir.  

Şirkətin yaranma tarixinə gəldikdə isə deməliyəm ki, hər şey 2013-ci ildə 55-ci Venesiya Biennale sərgisində Azərbaycanın iştirak etmək üçün hüquq qazanmasından başlayıb. Belə ki, rəssam Fərid Rəsulov sərgidə təqdim etdiyi “Chelebi Carpet Room” (Çələbi xalça otağı)  instalyasiyada bütün əşyaları -  divarlardan tutmuş mebel, kitab və hətta lampanı da çələbi xalçası ilə bəzəmişdi. Bu otağa və əşyalara olan marağı görən Fərid xalça naxışları, milli ornamentlər və yerli rəssamların əl işləri ilə bəzədilmiş məişət əşyaları istehsal edən şirkətin yaradılması təklifini irəli sürür. Nəticədə Aida Mahmudova, Orxan Hüseynov və Fərid Rəsulov tərəfindən “CHELEBI” şirkəti təsis edilir. 2013-cü ilin iyul ayının 30-da qeydiyyatdan keçən şirkət ilk mağazasını dekabr 2013-cü 2014-cü ildə açır. Bu zaman kəsiyi isə bizim üçün sınaq müddəti oldu. Məsələyə həssas yanaşmağa, bu bazar üçün nələr edə biləcəyimizi öyrənməyə və anlamağa çalışdıq. Doğrudur, fəaliyyətə Azərbaycan iqtisadiyyatı üçün əlverişli olmayan bir zamanda başladıq. 2015-ci ildə iki devalvasiya oldu. 

Bu sınaqdan uğurla çıxmaq üçün 2015-ci ilin sonunda - noyabr ayından başlayaraq növbəti ilin yanvar ayına qədər yeni il aksiyası keçirdik. Aksiya zamanı il boyu həyata keçirilən satışlardan daha çox satış etdik. Ən əsası isə “CHELEBI”-ni əlçatmaz, bahalı, lyuks brend ilə assosiasiya edənlərin sayı azaldı. 

- İlk mağaza Port Baku-da açılıb…

- Bəli, ilk mağazamız “Port Baku”-da açıldı, amma məhsullarımızı digər məkanlarda da - “Port bazar”, “Duty free” və s. satışa çıxardıq. Məntəqələrə gəldikdə isə “Gənclik mall”, Dənizkənarı Bulvar və İçərişəhərdə köşk açmışıq. Bir sözlə, bir ildən də az müddətdə üç məntəqə açmışıq. 

- Bazarda daha çox Avropa istehsalı olan brendlərin üstünlük təşkil etdiyi bir zamanda sırf milli brendi yaratmaq fikrinə təkan verən nə oldu?

- Bəli, çalışdığımız sahədə yerli ilə müqayisədə xarici brendlərin sayı daha çoxdur. Etiraf edək ki, həmin brendlərə maraq daha çoxdur. Çünki insanlarda “əgər xaricidirsə daha keyfiyyətlidir” stereotipi mövcuddur. Ümumiyyətlə, insanlar müəyyən çərçivələr daxilində hərəkət edir, yaşayır və düşünürlər. Əslində isə çərçivələr yoxdur, bu məhdudiyyətləri yalnız biz özümüz yaradırıq. 

Bizim fərqli cəhətimiz – cürətimizdir. Hədəf vətəndə və ölkənin sərhədlərindən kənarda məşhur olmaqdırsa, bu məqsədə çatmağa mane olan fikir və düşüncədən azad olmaq lazımdır. Çünki bu düşüncələrə qalib gələ bilənlər uğur əldə edir, əks halda yerində saymağa davam edirlər.   Biz yerli malın mütləq “ucuz və ya keyfiyyətsizdir” fikrinin əksini sübut etmək istəyirik. Azərbaycan xalqının Müslim Maqomayevi, Vaqif Mustafazadəsi, Çingiz Mustafayevi var. Özünə aid olanı sevmək və dəyərləndirmək lazımdır. 

 

- “CHELEBI”-nin fəaliyyət göstərdiyi bu müddət ərzində milliliyə üstünlükvermə ideyanız özünü doğrultdumu?

- Birmənalı şəkildə bəli. Məhsullara tələbatın olduğunu görmək sevindirici haldır. Bu tendensiya ilkin ideyanın özünü doğrultduğunu təsdiq edir. İdeyanı həyata keçirmək üçün böyük səbr və zəhmət tələb olunur. Elə gün olurdu ki, sutkada 17 saat işləməli olurduq. Kənardan göründüyü qədər asan proses deyil. Biz fərqli olmaq deyil, kütlədən seçilmək istəyirik.

Bu yaxınlarda yeni mebel kolleksiyamız təqdim olundu. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq edirik. Bu qurumdan məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin reproduksiyası üçün icazə almışıq. Bundan başqa mağazamızda təqdim edilən əşyaların üzərində Vüqar Muradovun, Arif Hüseynovun, Orxan Hüseynovun, karikaturaçı Bayram Hacızadənin əl işlərini görə bilərsiniz.

- Gözəl interyer düzgün seçilmiş mebel və aksessuarlar ilə yaradılır. “Dəbdəbə və komfort” anlayışının vəhdətini yaratmağa necə nail olursunuz?

- Biz hər zaman “görmək istədiyin münasibəti göstər” prinsipini əsas tuturuq. Məhsullarımızın uzun ömürlü olmasını, onların nəsillərdən nəsillərə ötürülməsini istəyirik. İstənilən müştəri aldığı məhsul üçün - deməli əməyimizin müqabilində bizə müəyyən məbləğ ödəyir. Onun keyfiyyətdən və xidmətdən razı qalması mühüm şərtdir, çünki müştərilərimizdən  “feedback” (rəyləri) gözləyirik.

Bizim üçün “CHELEBI”-nin müştərilərin dünya görüşündə qoyduğu iz çox vacibdir. Əhatəmizdə olan əşyalar həyatımıza, düşüncə tərzimizə çox böyük təsir göstərir, ona görə də əşyaların önəmsiz olduğunu fikirləşməyin. Düşünürük ki, əgər insan bizim məhsullarımıza nəzər salır, bu işləri bəyənir, dəyərləndirir və əldə edirsə, bu, artıq böyük uğurdur. 

2016-cı ildə biz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Lifestyle Luxury” müsabiqəsinin nominantı olduq. Həmin ilin sonunda məhsullarımızı diversifikasiya etdik. Mebel və yastıqdan başlamışdıq, sonradan keramik əşyalara, güzgü və keramik lövhələrə keçdik, hətta açıqcalarımız belə var. Yəni hədiyyə və açıqcanı eyni mağazadan əldə edə bilərsiniz. 

 

- Ümumiyyətlə, premium interyerlərin yaradılması tendensiyalarından danışardınız.

- Düzünü desəm, bu suala cavab verə bilməyəcəm. Biz premium deyilik, özümüzü bu statusda görmürük. Ümumiyyətlə, bu status müştəri bazasını məhdudlaşdırır. 10 milyonluq əhalinin hansı faizinin bizim müştərimizin olması və ya hansı malı alması bizə maraqlı deyil, bizə maraqlı olan onun aldığı maldan razı qalmasıdır. 

- Dizayner mebelinin müştəriləri tələbkar olurlar. Sizin müştəriləriniz seçim edərkən daha çox dəbli brend, unikal dizayn və ya 100% keyfiyyətli mebelə üstünlük verirlər?

- Əlbəttə, dizayndan anlayışı olan müştərilər ilə işləmək daha asandır. Müştəri bizə nə istədiyini düzgün başa sala bilir, bu isə iş prosesini yüngülləşdirir.  Amma hərdən elə olur ki, müştəri nə istədiyini özü də bilmir. Ən çətin proses elə budur. Müəyyən konsepsiya hazırlanır, təqdim edilir və aydın olur ki, müştərinin gözləntiləri tam fərqli idi. Sərf olunan zaman boşa getmiş olur, iş prosesi isə sıfırdan başlayır. Amma artıq müəyyən nüanslar üzə çıxır, əldə olan dizayndan çıxış edərək ortaq məxrəc tapılır. Nəticədə tələb olunan və arzulanan dizayn yaradılır.  Seçimə gəldikdə isə təbii ki, hamı keyfiyyəti və unikallığı üstün tutur. 

- Sizcə, “CHELEBI” yerli istehlakçının uzun illər mövcud olan mebel və dizayn ilə bağlı stereotiplərini qırmağa nail olub?

- Bizim hədəfimiz köhnə streotipləri qırmaq deyil, yeni streotipləri yaratmaqdır. Biz müştəriyə seçim vermək istəyirik. Bazara yeni ab-hava gətirdik, amma bizə qədər, bizimlə bərabər və bundan sonra bazara gələcək olanlara “Biz ən yaxşıyıq, sizin işiniz lazımsızdır” demək istəmirik və demərik də. “CHELEBI” olaraq insanlara rahatlıq və seçim vermək istəyirik.

- Xarici bazara çıxmağı düşünürsünüz? Ümumiyyətlə, gələcək planlarınız haqqında danışardınız.

- Biz hələ xaricdəki sərgilərdə qonaq kimi olmuşuq, iştirakçı kimi yox. Lakin bizim xarici bazara çıxmaq kimi planlarımız var. Hələ ki, bu, sirr olaraq qalsın. Nəticələri mütləq bölüşəcəyik. 

Səbinə Səmidxan