Yanvarın 15-dən etibarən Rusiyanın Samara şəhərindən Bakıya birbaşa reyslər açılacaq.
Xəbərə görə, reysləri “İrAero” aviaşirkəti həyata keçirəcək.
Həftənin çərşənbə günləri Samaranın “Kurumoç” hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına və əksinə həyata keçiriləcək uçuşların ümumi müddəti 2 saata qədər çəkəcək.
“İrAero”nun uçuş cədvəlinə görə, saat 01:20-də “Kurumoç” hava limanından qalxan təyyarə Bakı vaxtı ilə 03:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanına, 04:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanından qalxan təyyarə isə 06:00 “Kurumoç” hava limanına çatacaq.
Hələlik reysin hansı növ təyyarə ilə həyata keçiriləcəyi açıqlanmayıb.
Xatırladaq ki, 2019-cu ilin sentyabrında Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “İrAero”ya Tümen, Samara və Permdən Bakıya uçuşlar təşkil etmək üçün icazə verib. “Rosaviasiya”nın qərarına görə, uçuşlar həftədə iki dəfə yerinə yetiriləcəkdi.
"IrAero" həmçinin Rostovdan da Bakıya uçuşlar həyata keçirməkdə maraqlı olduqlarını açıqlamışdı. Hazırda "IrAero" Çelyabinsk, Orenburq və Yekaterinburqdan Bakıya uçuşlar həyata keçirir.
© "Report"