samsung-un-geliri-azalib

“Samsung”-un gəliri azalıb

“Samsung”-un əməliyyat gəliri 2019-cu ilin ikinci rübündə 5,6 milyard dollara qədər azalıb. Bu, ötən ilin eyni dövrünə görə olan göstəricidən 56% azdır. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

Məlumata əsasən, rüb üzrə tam hesabatı şirkət hələ dərc etməyib və gəlirin azalmasının səbəblərini göstərməyib. Lakin analitiklərin hesab etdiyinə görə, “Samsung” smartfon, kompüter və serverlər üçün ən iri yaddaş çipləri istehsalçısı olduğundan, ABŞ və Çin arasında gedən ticari müharibə fonunda çip satışının azalması şirkətin gəlirinə təsir edib.

ABŞ və Çinin ticari müharibəsindən savayı, qeyd edilən sahəyə “Huawei” ətrafındakı mübahisələr və Yaponiyanın çip və displeylərin istehsalı üçün lazımlı materialların Cənubi Koreyaya ixracına qoyduğu məhdudiyyət də təsir göstərib – bu məhdudiyyət cari ilin iyulun 4-ü qüvvəyə minib.

“HI Investment & Securities”-in analitiki Sonq Myun-sap (Song Myung-sup) çiplərin qiymətlərinin düşməyə davam edəcəyini düşünür.

Samirə Məmmədova