Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın söndürülüb.
İnsider.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı ilkin məlumatda bildirilir.
Məlumata əsasən, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
3 saatdan çox davam edən yanğın zamanı hadisə yerinə gedən Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev açqlama verib.
Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezadrantlar, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçuraraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".
E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.
Yanğının səbəblərinə gəlincə, E.Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".
©FED.az