Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.
İnsider.az xəbər verir ki, sabiq nazir açıqlamasında faktı təsdiqləyib. Yeni işində həmişə olduğu kimi, Azərbaycana, dövlətçilik ənənələrinə xidmət edəcəyini vurğulayıb.
Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.
Səlim Müslümov 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına müəllim vəzifəsinə işə götürülmüşdü. Eks-nazir iqtisad elmləri doktoru, professordur.
© Modern