semed-seyidov-bezi-yerli-qurumlarin-vezifesine-laqeyd-yanasmasi-neticesinde-kendlerimiz-suya-hesret

Səməd Seyidov: Bəzi yerli qurumların vəzifəsinə laqeyd yanaşması nəticəsində, kəndlərimiz suya həsrət qalıb

Heç kəsə sirr deyil ki, Su – qlobal əhəmiyyətə malik strateji silahdır. Artıq illərdir ki, bu silah erməni terroru ilə mübarizə aparan Qazaxa yönəlib.

İlin əvvəlində seçki kampaniyası ilə əlaqədar keçirdiyim görüşlərdə vətəndaşlar tərəfindən həll edilməsi üçün irəli sürülən məsələlərdən biri də ərazidəki su problemi idi. Mütəmadi keçirilən görüşlərdə bu problem müzakirə edilir, statistik məlumatlar və faktlar toplanırdı. COVİD-19 pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş karantin rejimi bir qədər yumşaldıldıqdan sonra,  may ayının 22-də Qazaxın Birinci Şıxlı, İkinci Şıxlı, Quşçu Ayrım və Məzəm kəndlərində, eləcə də Qazax şəhərində seçicilər ilə görüşlər keçirdim. Həmin görüşlərdə içməli və suvarma suyu ilə bağlı problem yenidən gündəmə gəldi. 

Mövcud problemin Rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov ilə müzakirəsi zamanı aydın oldu ki, ərazidə həllini, həm də təcili həllini gözləyən nasos stansiyalarının qurulması, rayonun Dəmirçilər və Birinci Şıxlı kəndlərinin əhalisinin suvarma suyu ilə təmin olunması, Quşçu Ayrım kəndində 324 təsərrüfatın suvarma suyu ilə təminatı məqsədilə Məzəm kəndində, Coğazçayın üzərində quraşdırılmış nasos stansiyasının Qazax Suvarma Sistemləri İdarəsinin balansına götürülməsi, eləcə də Daş Salahlı və Birinci Şıxlı kəndlərində yeni içməli su xəttinin çəkilməsi və Kür çayından nasos vasitəsilə İncə-su çayının məcrasına tökülməsini təmin etməklə Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin su ilə təmin olunması ilə bağlı aidiyyəti orqanların rəhbərlərinə ünvanlanan 14 məktubdan əksəriyyəti  Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun adına olub. Təəssüflə qeyd etməliyəm ki, bütün bu məktublar və müraciətlər iş ilə deyil, yalnız standart “Baxılacaq və sizə cavab veriləcək” məzmunlu məktublarla nəticələnib. 
Etiraf edək ki, susuzluqdan əziyyət çəkən yalnız Qazax deyil, respublikanın başqa rayonlarında da analoji problem mövcuddur. Amma problemi və həlli üsullarını nəzərdən keçirsək, düşünürəm ki, siz də mənimlə eyni nəticəyə gələcəksiniz.
Birinci, Qazaxın Ermənistan ilə həmsərhəd olan Quşçu Ayrım kəndi gölün sahilində yerləşsə də gölün suyundan faydalana bilmir. Səbəb isə gölün erməni işğalçılarının nəzarəti altında olmasıdır. Bu acınacaqlı vəziyyət müharibə adlı fəlakətin, erməninin işğalçı xislətinin nəticəsidir. Bu halda ərazidəki içməli su problemini həll etmək məqsədilə sözügedən kəndlərə mütəmadi olaraq su göndərlməsi təşkil edilir, kəndlərdə quraşdırılan çənlər Qazaxın başqa ərazilərindən gətirilən su ilə doldurulur. Bu mövcud su qıtlığı probleminin həlli istiqamətində atılan və hazırda mümkün olan yeganə addımdır. 

İkinci, Respublikanın başqa rayonlarında olduğu kimi Qazaxda da elə kəndlər var ki, içməli və suvarma su probleminin həll edilməsi üçün mütləq şəkildə artezian quyuları qazılmalıdır.  Bu istiqamətdə aparılan işlərə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmək istərdim, belə ki, sözügedən Qazax ərazisində bu ilin yanvar ayının 1-nə olan məlumata əsasən ümumilikdə 186-sı işlək olan 191 artezian quyusu var. Cari ildə su qıtlığı probleminin aradan qaldırılması üçün daha 14 quyunun qazılması planlaşıdırlır, bununla yanaşı rayonda əlavə 10 quyunun qazılması təklif edilib.  

İndi isə gəldik Kür çayının sağ sahilində yerləşən Birinci və İkinci Şıxlı kəndlərində yaşanan və mənim fikrimcə ən qəbuledilməz olan üçüncü hala. Bu kəndlərin yaxınlığında təbii su mənbəyi olsa da, həm içməli su, həm də suvarma suyundan əziyyət çəkən digər kəndlər ilə eyni aqibəti yaşayır. Səbəb isə Kür çayından kəndə yeni içməli su xəttinin çəkilməsi, mövcud xətlərin bərpası və nasosların quraşdırılması üzrə işlərin yarımçıq qalmasıdır. Etiraf edək ki, kəndin erməni işğalında olan gölün qırağında və ya artezian quyusunun qazılması mütləq olan ərazidə yerlədiyi üçün yox, məhz bəzi yerli qurumların vəzifəsinə laqeyd yanaşması nəticəsində suya həsrət qalması ağlasığmazdır.   

Bundan başqa rayonun ən iri və 10 mindən çox əhalisinin yaşadığı, 3 zavodun yerləşdiyi, qəsəbə statusu almağa hazırlaşan Daş Salahlı kəndində də ciddi içməli su problemi var. 

Yerli icra hakimiyyəti problemlərin həlli üçün səlahiyyətində olan bütün imkanlardan istifadə edir və səylərini əsirgəmir. Amma problemin miqyası yerli hakimiyyət orqanının səyləri və səlahiyyəti çərçivəsində deyil.

Mövcud problemin göz önündə tam canlanması üçün statistik göstəriciləri nəzərinizə çatdırmaq istərdim. Sözügedən 13 kəndin və bir qəsəbənin ərazisində,  7503 ev /304 mənzil, 10.331 ailə təsərrüfatı yerləşir və ümumilikdə 31.071 nəfər yaşayır. 
Kənd təsərrüfatında su qıtlığı ucbatından böyük problemlərin yaranması qaçınılmazdır. Nəticədə yüzlərlə şəhidi və Qarabağ müharibəsi əlili, milli qəhrəmanları olan, erməni işğalçılarının hücumları qarşısında mübarizlik nümayiş etdirən kəndlərimiz, bu problemin qarşısında aciz qalıb. Təsərrüfatı susuz qalan kənd sakinləri, ailəsinin maddi ehtiyaclarını təmin etmək üçün çıxış yolu axtarmağa məcburdur. Əhalinin, bölgədə kənd təsərrüfatının inkişafını təmin edə biləcək təbəqəsi ərazini tərk etmək məcburiyyətində qalır. Artıq bir neçə aydır davam edən COVİD-19 pandemiyası vəziyyəti daha da gərginləşdirdi. Yaz fəslində lazımi təsərrüfat işlərini yerinə yetirə bilməyən kənd əhalisi bu səbəbdən qarşıdan gələn yay və payız aylarında çox güman ki, ailə təsərrüfatından nəzərdə tutduğu məhsulu yığa bilməyəcək.

Azərbaycan - kənd təsərrüfatı məhsulları ilə əhalisini təmin etmək iqtidarında olan bir ölkədir. Ermənistan ilə həmsərhəd olan ərazilərdə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, eləcə də  kənd təsərrüfatı məhsulları sayəsində daxili tələbatın ödənilməsi üçün bu ərazilərin həm içməli, həm də suvarma suyu ilə təmin edilməsi həyati vacib  məsələyə çevrilir. 

Qeyd etmək istərdim ki, Cənubi Qafqazda ümumi su ehtiyatının nə 62 faizinə sahib olan Gürcüstan, nə də 28 faizinə sahib olan Ermənistan ətraf mühitin mühafizəsi üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayıb. Halbuki regionda ümumi su ehtiyatının 10%-nə sahib olan Azərbaycan bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə Konvensiyanın iştirakçısıdır. 

Sərhədlərarası su hövzələrinin problemlərinin regional səviyyədə beynəlxalq normalar çərçivəsində həlli üçün Azərbaycan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki Konvensiyasını ratifikasiya etmişdir. 
Məhz bu konvensiyaların işlənməsi, təqdim edilməsi və qəbul edilməsində mən özüm və rəhbərlik etdiyim Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsi birbaşa iştirak edib. 

Bir faktı da xüsusi qeyd etmək istərdim ki, transsərhəd çirklənmənin səviyyəsinə nəzarət üçün yaradılan regional laboratoriyalar-monitorinq mərkəzlərindən biri məhz bu dəqiqə su qıtlığından əziyyət çəkən Qazaxda (Kür çayı), digəri isə Beyləqanda (Araz çayı) yerləşir. 
Bütün bu və digər konvensiyalara, qoşulmaqda məqsəd Azərbaycana xeyir gətirməkdir, amma təəssüflə qeyd etməliyəm ki, konvensiyalar işləmir.  

Bu  məsələnin tez bir zamanda və mütləq şəkildə müsbət həllinin, həm ərazinin iqtisadi inkişafına, həm də əhalinin rifahına təsiri şübhəsizdir. Əks təqdirdə uzun illərdir müharibə şəraitində, güllə və mərmi səsləri ilə yaşayan Qazax kəndləri, həyati vacib amil olan - suyun qıtlığından boşala bilər. Bu sahədə işlərin sürətləndirilməsi, məhdud su ehtiyatına malik bir ölkə üçün artıq vaciblik səviyyəsindən, labüdlük səviyyəsinə yüksələrək, ən təxirəsalınmaz işlər siyahısında da yer alıb. İllərdir döyülən həyəcan təbilinin səsi nəhayət ki, aidiyyəti qurumlara çatmalı və lazımi tədbirlərin görülməsi təmin edilməlidir.