“Azərbaycan Prezidentinin sənədsiz evlərin özəlləşdirilməsi ilə bağlı problemin həll edilməsi ilə bağlı tapşırığından sonra bu məsələ ilə əlaqədar formalaşdırılmış komissiyanın fəaliyyətinin güclənməsi hiss olunur”.
İnsider.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim edib:
“Təklif etdiyimiz mexanizmlə bağlı son həftələr fərqli işə məsul dövlət qurumlarında görüş və müzakirələrimiz olub. Əvvəlla, bizim təkliflərimiz “Əmlak Amnistiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evlərə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.
Ekspert bildirib ki, təklif etdiyi konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:
“Söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər.
Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısı tərəfindən sənədsiz evlər məsələsinin həll olunması ilə bağlı tapşırıq aldığını açıqlayıb.