sernisinlerin-sefer-muddeti-20-deqiqeden-4-deqiqeyedek-azalacaq

Sərnişinlərin səfər müddəti 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq

Paytaxtın küçə və prospektlərində avtobus zolaqlarının təşkili işləri davam etdirilir. Bu çərçivədə Atatürk prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtobus zolağı prospektin daha çox sıxlıq halları və ləngimələr müşahidə olunan istiqamətində - Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində təşkil olunacaq.

Prospektin qeyd olunan hissəsindən 15 marşrut xətti üzrə 231 avtobus keçir. Gündəlik olaraq bu avtobuslardan 140 min nəfərdək sərnişin istifadə edir. Lakin bu istiqamətdə yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərəkət qrafikinin 15-20 dəqiqə, bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə avtobuslarda və prospekt boyunca dayanacaqlarda sərnişin sıxlıqları yaranır, sərnişinlərin səyahət müddəti artır.

Zolağın təşkili ilə pik saatlarda avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq.