seudiyye-erebistanindan-hasilat-razilasmasi-uzadilacaq-siqnali

Səudiyyə Ərəbistanından "hasilat razılaşması uzadılacaq" siqnalı

Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid əl-Falih Rusiya ilə neft bazarlarına dair müsbət danışıqlar apardıqlarını bildirərək, "Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft istehsalının azaldılması razılaşmasının uzadılacağına əminəm" deyib.

İnsider.az xəbər verir ki, Falih Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) etdiyi çıxışında Rusiyanın Energetika naziri Aleksandr Novak ilə danışdıqlarını söyləyib.

Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarlarına dair ortaq bir anlayış olduğunu ifadə edən Falih "Nazirliklərimiz arasında az qala, tam bir fikir birliyi var" deyib. 

Falih OPEC və başda Rusiya olmaqla, OPEC-ə üzv olmayan bəzi ölkələr ilə icra edilən əməkdaşlığı davam etdirmək istədiklərini vurğulayaraq, "OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft hasilatının azaldılması razılaşmasının uzadılacağına əminəm" deyib. 

Neft qiymətlərində görülən "dalğalanmalar" səbəbilə OPEC və OPEC-ə üzv olmayan bəzi neft istehsalçısı ölkələr 2016-da hasilatın azaldılması razılaşmasına başlayıblar. 

Rusiya Prezidenti Vladimir Putin dünən verdiyi açıqlamada Rusiyanın büdcəsinin neftin 40 dollarlıq qiymətinə görə təyin olunduğunu, 60-65 dollarlıq qiymətin özləri üçün "məmnun edici" olduğunu söyləmişdi.

Cümə axşamı Brent neftin barel qiyməti 63,29 dollardan, Qərb Texas (WTI) xam neftinin də barel qiyməti 53,05 dollardan bağlanıb. Qiymətlər 2,5%-dən çox artıb.

©"Marja"