sexsin-iki-is-yerinde-calismasi-ucun-isegoturenin-icazesine-ehtiyaci-varmi

Şəxsin iki iş yerində çalışması üçün işəgötürənin icazəsinə ehtiyacı varmı?

İnsanların tez-tez şikayətləndiyi məsələlərdən biri iki işdə çalışmaq istəmələridir. Buna səbəb boş vaxtlarını məhsuldar keçirmək və əlavə qazanc əldə etmək istəyidir. 

Təəssüf ki, bəzi işəgötürənlər işçilərinə bu istiqamətdə müəyyən məhdudiyyətlər qoyur. Bəs işəgötürən başqa iş yerində işləməsi ilə bağlı işçisinə qadağa qoya bilərmi?

Bir şəxsin iki və ya daha çox iş yeri olarsa, onun əmək münasibətləri qanunla necə tənzimlənir?

Sualları Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Arif İmamverdiyev cavablandırıb. 

O bildirib ki, işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər:

“Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən Əmək müqaviləsinin şərtlərinin imkanları daxilində mümkündür. Lakin, bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın (Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz) yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir”.

A.İmamverdiyev onu da qeyd edib ki, iş saatlarından sonra ikinci iş yeri üçün işəgötürəndən icazə tələb edilmir:

“Bu məsələ iki istiqamətdə qiymətləndirilə bilər. Əgər iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməkdən söhbət gedirsə, bu halda əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. Lakin, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə isə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.

Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir”.

“Əlavə iş yeri üzrə əmək müqaviləsi nə vaxt hüquqi qüvvəyə minmiş hesab olunur” sualı isə A.İmamverdiyev belə cavablandırıb:

“Əlavə iş yeri üzrə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi də Əmək Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq müvafiq bildirişin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir”.

Oxu.Az