sigorta-sirketleri-ucun-qiymetler-elman-rustemov-qerar-imzaladi

Sığorta şirkətləri üçün qiymətlər - Elman Rüstəmov qərar imzaladı

İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği sərnişinlərin icbari sığortası üzrə 100 min manatdan 200 min manata endirildi.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti İcbari Sığorta Bürosuna (İSB) ödənilməli olan iştirak haqqı və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi məqsədilə “İcbari sığortalar haqqında” qanunun 28.4-cü və 30.2-ci maddələrinə və “Mərkəzi Bank haqqında” qanunun 22.0.17-ci maddəsinə əsasən qərar qəbul edib.

AMB-nin sədri Elman Rüstəmovun imzaladığı qərara əsasən, İSB-nin iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200 min manat, Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği isə müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən olunub:

- Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 min manat;

- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə – 100 min manat;

- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 min manat;

- Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə – 100 min manat;

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 min manat.

Bundan başqa, qərarda deyilir ki, Naxçıvan MR-də fəaliyyət göstərən sığortaçılar üçün ödənişin məbləği yuxarıda qeyd olunan məbləğin 50%-i qədərdir.

Qeyd edək ki,  əvvəlki qərar ilə sərnişinlərin icbari sığortası üzrə iştirak haqqı 200 min manat müəyyən edilmişdi.

“Report”