silk-visa-nin-tetbiqinin-lengimesinin-sebebleri-aciqlanib

“Silk Visa”nın tətbiqinin ləngiməsinin səbəbləri açıqlanıb

Asiya ölkələrinin vahid vizası olaraq düşünülən “Silk Visa”nın tətbiqinə dair müxtəlif mövqelərdə olan Özbəkistanla Qazaxıstan bu məsələdə razılığa gələ bilməyib.

Insider.az xəbər verir ki, “Podrobno”nın məlumatına görə, bu barədə Özbəkistan Baş nazirinin müavini Əziz Əbdülhakimov Daşkənddəki mətbuat konfransında bildirib.

“Qazaxıstan tərəfi yeni viza yaratmağı daha çox istəyirdi. Biz də bunun məqsədəuyğun olmadığı qənaətindəyik. Əksinə, vizalardan qurtuluruq, vizasız rejimə keçirik. Daha bir viza nəyimizə gərəkdir?”, – o deyib.

Baş nazirin müavini əcnəbilər üçün bir neçə ölkəyə vahid viza verəcək yeni elektron sistem qurmaq təklifini Qazaxıstan tərəfinə təqdim etdiklərini söyləyib.

Xatırladaq ki, Özbəkistan ilə Qazaxıstan hələ iki il əvvəl vahid “Silk Visa” məsələsini gündəmə gətirmişdi. Yeni vizanın bu ilin fevral ayından fəaliyyətə başlaması gözlənilsə də, ölkələr arasındakı ziddiyyətlər üzündən bu, baş tutmayıb.

Bundan əvvəl Qazaxıstan tərəfi sözügedən viza sisteminə Azərbaycan və Türkiyənin qoşulmağını təklif etmişdi.