socar-in-yeni-istiqrazlari-ile-sirketin-avrobondlari-qismen-baglanacaq

SOCAR-ın yeni istiqrazları ilə şirkətin avrobondları qismən bağlanacaq

Təxminən, 10 gündən sonra Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına abunə yazılışı başlayacaq.

Proses oktyabrın 29-na qədər davam edəcək.

Yeni istiqrazların parametrləri 2016-cı ildə dövriyyəyə buraxılmış və tədavül müddəti gələn ay başa çatacaq istiqrazlarla demək olar ki, eynidir. Sadəcə SOCAR 5 il əvvəlkindən fərqli olaraq qiymətli kağızlarına illik 5% deyil, 4,5% gəlirlilik vəd edir.

Yeni emissiya ilə bağlı "Report"un suallarını SOCAR-ın maliyyə məsələləri üzrə məsləhətçisi Tolqa Kotan cavablandırıb.

- Yeni istiqrazların illik gəlirliliyinin 0,5 faiz bəndi az olmasının səbəbi nədir?

- 2016-ci ildə ilk SOCAR istiqrazları dövriyyəyə buraxılarkən maliyyə bazarlarında vəziyyət bu günkü kimi deyildi. İnsanların hələ yerli maliyyə bazarı ilə və bu kimi alətlərlə tanışlığı yox idi. Fundamental risk olmasa da, ilk istiqraz yatırımçıları üçün bu riskli yatırım idi. SOCAR istiqrazları ölkəmizdə ilk kütləvi yerləşdirilən həm də xarici valyutada olan ilk istiqraz idi, bu səbəbdən biz dollar vəsaitlərinə 5% gəlirlilik vermək qərarına gəldik. Zamanla, təkrar bazar dövriyyəsi ilkin emissiyanın 2 qatına çıxdıqdan, yüksək likvidlik saxlanıldıqdan, faizlərin vaxtlı-vaxtında həyata keçirilməsindən, o cümlədən, artan tələb qarşısında dəyər qazananan, az riskli, lakin geniş imkanlar yaradan bir investisiya aləti kimi özünü təsdiqləyəndən sonra, bu aləti investorlar inamla qəbul etdi. Hal-hazırda isə istiqraz bazarında bir canlanma var. Bizdən sonra 7 şirkət yerli bazarda uğurla xarici valyutada 41,5 milyon dollarlıq 4 emissiya, manatla isə 20 milyon manatlıq 11 emissiya yerləşdirməyə nail olub. Bu onu göstərir ki, investorlar artıq kütləvi yerləşdirmə ilə tanışdır, risk və gəlirlilik anlamları, bazarın necə işləməsi onlar üçün aydındır və bu şəraitdə faizin 4,5%-ə endirilməsi məqbuldur.

Fundamental olaraq isə, istiqrazların ilk emissiyasından sonra bütün dünyada istiqrazların gəlirliyi aşağı düşüb. Bu bazarın bençmarkı olaraq ABŞ istiqrazları götürülür. Digər bütün ölkələr də həmin dərəcələri izləyir, istiqrazların gəlirliyin ona uyğunlaşdırırlar. 2016-ci ildə ABŞ-ın 10 illik istiqrazlarının illik gəlirliyi 2-3% arasında idi. İndi isə bu rəqəm 1% ətrafında dəyişir. Bu baxımdan indi ödəyəcəyimiz 4,5%-in digər alətlərdən üstünlüyü, 2016-cı ildə ödənilən 5%-in digər alətlərdən üstünlüyündən daha artıqdır.

Digər tərəfdən, bir yatırımın gəlirliyi barədə danışanda onu alternativləri, yəni digər investisiya alətləri ilə müqayisə edirlər. Azərbaycanda xarici valyutada, dollarda olan alətlərdə gəlirlilik olduqca aşağıdır. İri maliyyə qurumlarında dollarla gəlirlilik 0,25%-1% arasında dəyişir. Yəni dolları 1%-lə yatırsanız şanslısınız. Bunlarla müqayisədə 4,5% gəlir gətirən SOCAR İstiqrazları qat-qat sərfəli yatırımdır.

- Yerləşdirmədə üstünlüyün, ilk növbədə, fiziki şəxslərə verilməsi nə ilə əlaqədardır?

- Biz fiziki şəxslərə yatırımın məbləğindən asılı olmayaraq maliyyə bazarı iştirakçısına çevrilmək imkanı yaradan ilk emitentik. Bizdən öncə həm prosedurlar uzun-uzadı və hər kəs üçün əlçatan deyildi, həm də investisiya etmək üçün minimum məbləğlər lazım idi və s. Bildiyiniz kimi, SOCAR İstiqrazları ilk dəfə emissiya olunarkən, "Bakı Fond Birjası" QSC, Milli Depozit Mərkəzi və investisiya şirkətləri ilə birlikdə işlər apararaq, texniki imkanları sadə vətəndaşlar üçün rahat formaya gətirdik, xeyli maarifləndirmə işləri apardıq. Bizə çağrı mərkəzlərinə zənglərdə belə vətəndaşlara maliyyə bazarlarının iş funksiyaları, faizlərin dəyişkənliyi, alətlər və s. haqqında məlumatlar veririk. Yəni bu bizim dayanmaz işimizdir. İstəyirik ki, bu ənənəni davam etdirək. Çünki cəmiyyətə xeyirini görürük. Əvvəllər insanlar bizə tamam başqa suallar ilə müraciət edirdilər. "İstiqraz nə qədər etibarlı yatırımdır?", "Buna kim zəmanət verir?", "Pullarımızı istənilən vaxt götürə biləcəyikmi?", "Ödənişlər vaxtında ediləcəkmi?" kimi suallar artıq yeni formatlı suallarla əvəz olunub. Yəni biz gələn suallardan anlayırıq ki, vətəndaşlar aktiv bazar iştirakçısı olmaq istəyirlər, yerli maliyyə bazarına maraq artıb. Əgər investordan maraq və tələb varsa, deməli təklif də edilməlidir. Odur ki, biz ənənəmizi davam etdiririk. İstəyərdik ki, yerli şirkətlər də bizə bu işdə qoşulsunlar, yalnız bu halda vətəndaşlara kapital bazarlarında maddi xeyirlə bərabər praktiki biliklər verə biləcəyik.

Tolqa Kotan

Tolqa Kotan

Eyni zamanda, bir çox vətəndaşlarımız var ki, onların müəyyən vəsaitləri var, lakin aktiv biznes fəaliyyəti ilə məşğul deyillər. Belə vəsaitlər dövr etmədikdə, iqtisadiyyatdan kənarda qalır. Bizim məqsədimiz məhz həmin şəxsləri də qiymətli kağızlara investisiya etməklə, vəsaitlərinin onlara gəlir gətirməsinə, dolayısı yolla da iqtisadiyyatımızın dövriyyəsinə töfhə verməyə dəvət etməkdir. Gələcəkdə, daha gəlirli investisiya aləti və daha uyğun biznes fəaliyyəti tapdıqda yenə də rahatlıqla istiqrazlarını satıb, istədikləri yerə yatırım edə bilərlər. O zamanadək isə, vəsaiti SOCAR İstiqrazları kimi bir etibarlı alətə yatıra bilərlər.

Lakin biz müxtəlif firmalar, banklar, sığorta şirkətləri və s kimi hüquqi şəxsləri də emissiyadan kənar saxlamırıq, təbii ki onlara da istiqrazların paylanması prosesində yer veriləcəkdir. Amma nəzərə almaq lazımdır ki, ilk istiqrazların emissiyası zamanı emissiyadan 2 dəfə artıq tələblə abunə yazılışı olduğundan, bölüşdürülmə zamanı hüquqi şəxslər yalnız yazıldıqları məbləğin yarısını investisiya edə bildilər. Hazır da da həmin sxem tətbiq olunacaq, bu səbəbdən hüquqi şəxslərə nəzərdə tutduqları investisiyanın bir neçə qatı ilə abunə yazılışlarında iştiraka dəvət edirik ki, pro-rata şəklində bölüşdürülmə zamanı onlar da vəsaitlərini yatırmaq imkanına malik olsunlar.

- Abunə yazılışı müddətinin 2 dəfə artırılmasının səbəbi nədir?

- Oktyabr ayının 17-də ilk emissiya istiqrazların tədavül müddəti bitir, və biz istəyirik ki, həmin vətəndaşların da yeni emissiyada iştirak etmək imkanı olsun. Bunun üçün onların hələ qarşıda 2 həftəsi olacaq, və onlar rahatlıqda hazırda olan istiqrazlarından geri qayıdan vəsaiti yeni emissiyaya yatıra biləcəklər. Bu səbəbdən abunə yazılışını oktyabrın sonunadək uzatdıq. Daha tez başlamamızın səbəbi isə ilkin emissiyada iştirak edə bilməyən vətəndaşlar və hüquqi şəxslər üçün nominaldan istiqraz almaq imkanını yaratmaqdır. Uzun müddət kimi səslənsə də, belə geniş zaman aralığı hər iki növ investora – təkrar və yeni investorlara – eyni imkanlardan yararlanmaq üçün şərait yaradır. Düşünürük ki, belə daha ədalətli olar.

- İlk istiqrazlara tələb iki dəfədən artıq oldu. Bu dəfə tələbin hansı səviyyədə olacağı proqnozlaşdırılır?

- Bizə təkrar investorlardan çox böyük sayda müraciətlər olur, onlar “biz 2021-ci ilin oktyabrında öz vəsaitimizi alandan sonra, nə baş verəcək? Onu hara yatıra biləcəyik?” kimi suallar ilə müraciət edirlər. Təxminlərimizə görə, hazırda mövcud investorların ən azı 80-90%-i istiqrazlara inamdan və hələ də bazarda olan digər investisiya alətlərindən üstünlüyündən irəli gələrək, SOCAR İstiqrazlarına yenidən yatırım edəcəklər. Yeni investorlardan isə maraq həddindən artıq çoxdur. Onlar müxtəlif səbəblərdən ilk emissiyada iştirak edə bilməmişdilər - kiminsə boş vəsaiti yox idi, kim isə birja əməliyyatları ilə təcrübəsiz idi, kimdə isə vəsaitləri likvid deyildi və s. Sonradan, qiymətlər bahalaşdığı və mövcud investorların belə bir sərfəli aləti satmaq istəməmək səbəbindən, alış imkanları daraldığından, SOCAR İstiqrazlarına investisiya edə bilməmişdilər. Onlardan gələn spesifik suallar “Nominaldan nə zaman almaq olacaq?” yaxud “Yeni emissiya planlaşdırılırmı? Nə zaman olacaq?” kimi suallardır. Odur ki, yeni investorların da iştirakında yüksək aktivlik gözləyirik.

- Cəlb ediləcək vəsait hansı istiqamətdə xərclənəcək?

- Yeni SOCAR İstiqrazlarından cəlb ediləcək vəsait şirkətin avrobondlarının qismən bağlanması üçün istifadə olunacaq. Bir sözlə desək, biz SOCAR-ın London Birjasında buraxılan Avrobondları üzrə xaricə ödəyəcəyimiz faizləri daxildə, vətəndaşlarımıza və şirkətlərimizə ödəyəcəyik. Ölkədən potensial olaraq çıxacaq valyuta daxildə qalacaq, sonra bu vəsaitləri vətəndaşlar və şirkətlər SOCAR İstiqrazlarının faiz gəliri kimi qazanacaq, daxili bazarda xərclənəcək və bir növ iqtisadiyyatımıza geri qaytarılacaq.

Report