Ötən 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3% artıb.
İnsider.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib.
O bildirib ki, bu müsbət dinamika davamlı xarakter daşıyır.
SOCAR-ın prezidenti cari ilin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırıldığını deyib: ”Bu dinamika növbəti illərdə də yüksələn xətt üzrə davam edəcək. Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir. “Şahdəniz”lə yanaşı “Abşeron”, “Qarabağ”, “Ümid” kimi yataqlarda aparılan genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işləri mühüm uğurlar vəd edir. “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara”strukturlarından da gözləntilərimiz böyükdür. 25 il bundan əvvəl ölkənin təbii qaza olan daxili tələbatını ödəmək üçün xaricdən qaz idxal edən Azərbaycan dünyada təbii qaza tələbatın sürətlə artdığı indiki dövrdə beynəlxalq miqyasda yeni təbii qaz mənbəyi, mühüm qaz ixracatçısı kimi tanınır”.
O bildirib ki, son 11 ildə ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb.
SOCAR prezidenti həmçinin qeyd edib ki, son 25 ildə Azərbaycanda neft hasilatı 4 dəfədən çox artıb.
“Bu, olduqca böyük nəticədir və ölkə həyatının bütün sahələrində özünü parlaq şəkildə büruzə verib. Əldə edilən neft gəlirlərinin səmərəli idarə olunması nətəcəsində ordunun, təhsil, elm və səhiyyə müəssisələrinin müasirləşdirilməsi, sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi, urbanizasiya və müasir şəhər infrastrukturunun inkişaf etdirilməsi və başqa sahələrdə əsl sıçrayış baş verib. Təsadüfi deyil ki, son 25 il ərzində ölkədə ümumi daxili məhsul 216 dəfə artıb,yoxsulluq səviyyəsi 10 dəfədən də çox azalıb”,- R. Abdullayev vurğulayıb.
©“Report”