Yaponiyanın "SoftBank Group Corp." texnoloji nəhəngi süni intellekt texnologiyaları hazırlayan qlobal texnoloji şirkətlərə investisiyalar üçün ikinci fond yaradıb.
Insider.az xəbər verir ki, anlaşma memorandumuna görə, "SoftBank Vision Fund 2" adlı ikinci fonda həm Yaponiya konqlomeratı, həm də tərəfdaşlar tərəfindən gözlənilən investisiya həcmi 108 milyard dollar təşkil edir. Öz növbəsində "SoftBank" yeni fonda 38 milyard dollar yatırmaq niyyətində olduğunu bəyan edib.
"Vision Fund 2" fonduna "Apple," "Microsoft", "Foxconn", "Standard Chartered Bank", Yaponiyanın maliyyə nəhəngləri "Mizuho Bank", "Sumitomo Mitsui Banking Corporation" və "MUFG Bank", eləcə də Qazaxıstan Milli Bankının Milli İnvestisiya Korporasiyası və Tayvan sərmayədarları tərəfindən investisiya qoyulacağı gözlənilir.
Həcmi 100 milyard dollar təşkil edən ilk "Vision Fund" Fonduna vəsaitlər əsasən Səudiyyə Ərəbistanı və Əbu-Dabidən cəlb edilib.
Çərşənbə günü "The Wall Street Journal" qəzeti naməlum mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı və Əbu-Dabi yenidən "SoftBank"a sərmayə yatıracaq, lakin Ər-Riyada məxsus investisiyalar birinci fonda qoyulandan 45 milyard dollar az olacaq.
"SoftBank" nümayəndələrinin sözlərinə görə, fonda gözlənilən ümumi investisiyalar digər iştirakçılarla davam edən danışıqlar fonunda arta bilər.
Tərəfdaşların maliyyə öhdəliklərini yerinə yetirəcəyi təqdirdə ikinci fond birincidən daha çox vəsait cəlb edəcək.
2017-ci ildə təsis edilən birinci fond dünyanın nəhəng texnoloji sərmayədarına çevrilib. Məsələn, fond "The We Company" (əvvəlki WeWork) şirkətinə, Hindistanın "Flipkart" elektron ticarət nəhənginə və "Uber", "Didi Chuxing", "Grab" və "Ola" kimi taksi sifarişi xidmətlərinə investisiya yatırıb.