Nəqliyyat vasitəsində hərəkət zamanı baş verə biləcək hadisələrdən ən təcrübəli sürücülər belə sığortalanmayıblar. Bu hadisənin səbəbi yalnız sükan arxasında oturanlar deyil, eləcə də yol-hərəkətinin digər iştirakçıları da ola bilər. Hadisələrin baş verməsindən sığortalanmaq mümkün olmasa da, bu hadisələrin nəticələrindən özünüzü və avtomobilinizi sığortalaya bilərsiniz.
Avtomobillərin sığortası sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə təşviq etməklə yanaşı, nəqliyyat vasitələrini daha diqqətli idarəsinə şərait yaradır. Bu da dolayı yolla insanların vaxtına, əsəblərinə, əziyyətinə və məsrəflərinə qənaət etməyə, həmçinin həyat və sağlamlıqlarının qorunmasına yardımçı olur.
Günümüzdə yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də, sükan arxasında mobil telefondan istifadə etməkdir. Mobil telefondan istifadə sürücünün diqqətini yoldan yayındıraraq, baş verə biləcək hadisələrə vaxtında reaksiya verməyə mane olur. Mobil cihazlardan sükan arxasında istifadənin real təhlükəsini aparılan çoxsaylı araşdırmalar təsdiq edir. Belə ki, sükan arxasında telefonla danışmaq qəza riskini 4 dəfə, mesaj göndərmək isə 6 dəfə artırır. Son illər ərzində telefondan istifadə zamanı qəzaya düşən sürücülərin sayı 1%-dən 15%-dək artıb ki, bu göstəricilər təhlükənin nə qədər böyük olduğunu təsdiq edir.
Mobil telefondan istifadə səbəbi üzündən baş verən qəzaların sayının azaldılması və sürücülərin bu sahədə maarifləndirilməsi üçün "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB və İcbari Sığorta Bürosuna üzv sığorta şirkətləri tərəfindən sosial layihənin təbliğatı həyata keçirilir. İcbari Sığorta Bürosunun üzvləri sırasında “Atəşgah”, “AtaSığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “AZSIĞORTA” ASC, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Qala Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “Standard İnsurance” ASC, “AXA MBASK” ASC, “Xalq Sığorta” ASC, “Günay Sığorta” ASC sığorta şirkətləri yer alır. Bu layihə çərçivəsində çöl və rəqəmsal reklam daşıyıcılarında mobil telefondan istifadənin risklərini özündə əks etdirən vizual materiallar yerləşdiriləcək. Bu sosial layihə həmçinin sığorta şirkətlərinə öz xərclərini azaltmağa kömək edəcək.
"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür.