Londonun məşhur “Sotheby’s” hərracında Azərbaycana aid, yaxud Azərbaycana həsr olunmuş xalçaları, rəsm əsərlərini, heykəlləri və digər əl işlərini tez-tez görmək mümkündür.
Təkcə son illər onlarla müxtəlif xalça hərracda satılıb. Onların yekun qiyməti bir çox halda lot üzrə start qiymətini bir neçə dəfə üstələyib.
İnsider.az “Sotheby’s” hərraclarında satılmış Azərbaycana aid ən maraqlı lotları təqdim edir.
“Bakıda Qız qalası”, Paul fon Franken
Alman rəssam Paul fon Frankenin “Bakıda Qız qalası” rəsm əsəri 2019-cu il iyunun 4-də hərracda 225 min funt sterlinqə (təqribən 477 min manat – red.) satılıb. Hərçənd hərracdan əvvəl ona 60-80 min funt sterlinq (128-170 min manat – red.) qiymət verirdilər.
Hazırda bu, Azərbaycana həsr edilmiş və “Sotheby’s”də satılmış ən bahalı lotdur.
Bu rəsm əsəri onun 1853-1861-ci illərdə Qafqaza səyahət zamanı eskizlərinin əsasında çəkdiyi işlərdən biridir.
Rəsm əsəri rəssamın ölümündən 4 il əvvəl, 1880-ci ildə çəkilib.
“Bakıda liman”, Aleksey Petroviç Boqolyubov
1861-ci ildə çəkilmiş bu rəsm əsəri 2007-ci il noyabrın 7-də satılıb. 20-30 min funt sterlinqə satılması planlaşdırılan əsərin qiməti 50 min 900 funt-sterlinqə (təqribən 108 min manat (burada və sonra işlərin qiyməti cari məzənnə üzrə göstərilib) – red.) çatıb.
A. Bolqolyubov dəfələrlə Bakıda olub və şəhərə heyran qalıb.
O, “Dənizçi - rəssamın məktubları”nda öz xatirələrini belə təsvir edir: “Bakı mənim çox xoşuma gəldi. Dənizin sahilində çox gözəl qədim qala dayanır və əlbəttə ki, əfsanəvi (...) Böyük olmasa da gözəl bazar, məscidlər var və ümumiyyətlə, Şərqin koloriti tam hiss olunur”.
Azərbaycanın ipək xalçası
XVII əsrin II yarısına aid olan bu xalça hərracda satılmış ən bahalı xalçalardan biri olub.
Lotun qiyməti 25-35 min dollar qiymətləndirilib. Yeni sahib ona görə 87 min 500 dollar ödəyib.
Hərrac 2014-cü il yanvarın 31-də Nyu-Yorkda baş tutub.
“Bakı yaxınlığında neft buruqları”, Anna Petrovna Ostroumova-Lebedeva
Anna Petrovna Ostroumova-Lebedeva ilk dəfə Bakıda 1916-cı ilin payızında olub və bu rəsm əsəri həmin il çəkilib.
O, 61 min 250 funt sterlinqə (təqribən 130 min manat – red.) satılıb. Hərçənd 30-50 min funt sterlinq həcmində (64-106 min manat – red.) qiymətləndirilirdi.
Bakıda “BraNobel” şirkəti üçün “H.Moser & Cie” saatı
Bu saatın hazırlanması Nobel qardaşlarının Bakıda (Rusiyada “BraNobel” kimi qeydiyyata alınmışdı) 25 illik fəaliyyətinə həsr olunub.
Qızıldan düzəldilmiş saat 1890-cı ildə hazırlanıb. O, 2019-cu il iyulun 2-də 25 min funt sterlinqə (53 min manat – red.) satılıb. Saat 26-42 min funt sterlinq (55-90 min manat – red.) həcmində dəyərləndirilirdi.
Saatın qapağında “Atəşgah” kompleksi təsvir olunub və o, şirkətin loqotipi qismində istifadə olunub.
“Aydan”, Tahir Salahov
Azərbaycanlı rəssam Tahir Salahovun rəsm əsəri hərraca 2015-ci il dekabrın 1-də çıxarılıb. Əsərdə rəssamın qızı Aydan təsvir edilib.
Rəsm əsəri 250-350 min funt sterlinq (532-745 min manat – red.) dəyərində qiymətləndirilsə də, 269 min funt sterlinqə (təqribən 570 min manat – red.) alıcı tapıb.
© Oxu.az