strateji-ehemiyyetli-mallarin-siyahisi-tesdiqlenecek

Strateji əhəmiyyətli malların siyahısı təsdiqlənəcək

Strateji əhəmiyyətli malların siyahısı təsdiqlənəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihəyə əsasən, strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək və onların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçiriləcək. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən strateji əhəmiyyətli malların siyahısı əsasında müəyyən edilir.

Yuxarıda nəzərdə tutulmuş nomenklatura üzrə strateji ehtiyatların minimal həcmi dövlət ehtiyatları üzrə məsul orqan, bazar iştirakçıları tərəfindən təmin edilən malların minimal həcmi isə bazar iştirakçıları tərəfindən təmin edilir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə strateji ehtiyatların yuxarıda qeyd olunan nomenklaturasında göstərilən minimal həcmindən artıq tədarükü həyata keçirilə bilər.

Bazar iştirakçıları onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada məlumat təqdim etməlidirlər.

Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların yuxarıda nəzərdə tutulan nomenklaturadakı minimal həcmin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda dövlət ehtiyatları üzrə məsul orqan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu halların qarşısının alınması istiqamətində təkliflər təqdim edir.

Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmlər həmin ehtiyatların saxlanılmasını təmin edən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən təmin edilir.

APA