“20 Yanvar” metrostansiyasının yaxınlığında qazıntı işləri aparılır.
İnsider.az xəbər verir ki, bu barədə redaksiyamıza videogörüntü göndərilib.
Kadrlarda 20 Yanvar dairəsi kimi tanınan ərazidə qazıntı işlərinin aparıldığı görünür.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında sözügedən ərazidə aparılan işlərin yolun genişləndirilməsi ilə əlaqəli olduğunu deyib:
“Dairənin həm şəhər, həm də “Şamaxinka” istiqamətindəki olan hissələri sökülərək yol genişləndirilib. Əvvəl sürücülər sol zolaqla hərəkət edən zaman dairəyə daxil olarkən sağa manevr edirdilər. Bu zaman həm sıxlıq, həm də sürücülər arasında mübahisə yaranırdı. Bu problemin həlli üçün hazırda ərazidə işlər aparılır. Yeni görülən işlər tamamlandıqdan sonra bu problem həllini tapacaq. Belə ki, aparılan işlərdən sonra hər iki istiqamətdə sol zolaqla hərəkət edən sürücülər rahat şəkildə gəldikləri zolaqla hərəkəti davam etdirə biləcəklər”.
O qeyd edib ki, aparılan işlər ölkə başçısının Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı sərəncamına uyğun olaraq aparılır:
“Məqsəd 20 Yanvar dairəsindən Masazır dairəsinə qədər olan yolda nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün yolun genişləndirilməsidir. Yollarda yenidənqurma və genişləndirmə işlərinin təxminən may ayına qədər yekunlaşdırılacağı gözlənilir.
Oxu.Az