suruculuk-vesiqesinde-ince-meqam-cerime-oluna-bilersiniz

Sürücülük vəsiqəsində İNCƏ MƏQAM: Cərimə oluna bilərsiniz

Bir neçə il öncə sürücülük vəsiqəsinin verilməsi ilə bağlı “Yol hərəkəti haqqında” qanuna bir sıra əlavələr və dəyişikliklər edilmişdi. Hətta həmin dəyişikliklərin tətbiqinə başlanılması ilə bağlı da rəsmi məlumatlar yayılmışdı.

Söhbət sürücünün avtomat, ya da mexaniki sürət qutusu olan nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı qeyddən gedir. Bununla bağlı məqam sürücülük vəsiqələrinin üzərində müvafiq qaydada qeyd edilməlidir. Lakin verilən sürücülük vəsiqələrinin bir qismində bu qeyd var, bəzilərində isə yoxdur.

Bu məsələ qanunvericiliklə necə tənzimlənir? Məhz hansı kateqoriya üzrə sürücülük vəsiqələrinə şamil edilir?

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarədən cavab olaraq bildirilib ki, sözügedən qeyd bütün kateqoriyalar üzrə sürücülük vəsiqələrinə aid edilmir:

“Belə ki, bu məqam “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsi (Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması) ilə tənzimlənir. Həmin maddənin dördüncü bəndinin ikinci əlavəsinə görə, “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.

Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir”.

Qanunla sürücülük vəsiqəsində avtomat sürət qutusu olan nəqliyyat vasitəsinin idarəsinə icazə verilən şəxs mexaniki sürət qutusu olan nəqliyyat vasitəsi idarə edə bilər?

Baş Dövlət Yol Polisi İdarəsindən suala cavab olaraq qeyd edilib ki, bu məqam Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 332. maddəsi (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) ilə tənzimlənir:

“Həmin maddənin ikinci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulur”.

Oxu.Az